B2 vitamini — riboflavinin çatışmazlığı insanda xroniki yorğunluq və dəri problemlərinə səbəb ola bilər. Bu vitamin həmçinin maddələr mübadiləsi və həzm sisteminin sağlam fəaliyyəti üçün mühüm rol oynayır. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, bu fikirləri nutrisoloq Yelena Jelyanina açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, hazırda tez-tez qidaların “boş” olduğu və bioloji aktiv əlavələrsiz yaşamağın mümkün olmadığı iddia olunur. Xüsusilə B qrup vitaminləri, o cümlədən riboflavin haqqında şişirdilmiş fikirlər səsləndirilir. Halbuki B2 vitamini zülalların, yağların və karbohidratların mənimsənilməsində iştirak edir, enerji mübadiləsini və həzm sisteminin normal işləməsini təmin edir. Onun çatışmazlığı iştahanın azalmasına, halsızlığa və dəri problemlərinə yol aça bilər.

Nutrisoloq qeyd edib ki, orqanizm düzgün qidalandıqda bir çox maddələri özü sintez etmək qabiliyyətinə malikdir və bu halda əlavə olaraq B2 vitamini qəbuluna ehtiyac qalmır. Onun sözlərinə görə, tərkibində nişasta olan qidalar riboflavin səviyyəsinin qorunmasına dolayı yolla kömək edir.

“Düyü, qarğıdalı, arpa, yulaf, yaşıl qarabaşaq, bəzi kök bitkiləri və paxlalılar nişasta mənbəyidir. Nişasta orqanizmdə yalnız enerji vermir, eyni zamanda faydalı bağırsaq mikroflorasını qidalandırır. Bu mikroflora isə öz növbəsində B2 vitamininin sintezində iştirak edir. Lakin karbohidrat mübadiləsi pozulmuş və ya artıq çəkisi olan şəxslər bu cür qidalardan həddindən artıq istifadə etməməlidir”, — deyə Yelena Jelyanina vurğulayıb.