Market rəflərində “qatqısız”, “təbii”, “şəkərsiz” kimi ifadələr istehlakçının diqqətini cəlb edir. Foodinfo.az bildirir ki, bu ifadələr bəzən marketinq məqsədilə istifadə olunur və həmişə tam doğru olmaya bilər. Qida etiketlərində yazılan “qatqısız” ifadəsi məhsulda heç bir sintetik əlavə olmadığını göstərmir.

Bəzi hallarda təbii mənşəli, amma texnoloji qatqılar bu kateqoriyaya daxil edilmir. Məsələn, bəzi rəngvericilər və qatılaşdırıcılar “qatqısız” hesab edilə bilər, çünki onlar E kodu altında gizlənir. “Təbii” ifadəsi də hüquqi baxımdan dəqiq müəyyən olunmayıb və müxtəlif ölkələrdə fərqli mənalar daşıyır. Buna görə də yalnız ön etiketə deyil, məhsulun tərkib siyahısına da baxmaq vacibdir. Az tərkibli, tanınan maddələrlə hazırlanan məhsullar daha etibarlı sayılır. Qatqıların olmaması hər zaman məhsulun sağlam olması anlamına gəlmir.

Şəkər, duz və yağ miqdarı da paralel şəkildə qiymətləndirilməlidir. İstehlakçılar bu məsələdə daha məlumatlı olmalı və reklam deyil, real tərkibə əsasən seçim etməlidirlər.