Qış fəslində yalnız geyimləri yeniləmək yox, həm də soyuducu və qida dolabını sağlam qidalarla zənginləşdirmək vacibdir. Bu dövrdə orqanizmin enerji və immunitet ehtiyacını ödəmək üçün xüsusi məhsullar seçmək tövsiyə olunur. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər qış aylarında pəhrizə daxil ediləcək beş əsas məhsulu vurğulayırlar.
Birincisi, kök, turp və çuğundur kimi kök tərəvəzlərdir. Bu məhsullar vitamin A və C, lif və digər qidalı maddələrlə zəngindir. Onların qida dəyəri yüksəkdir və immun sistemini gücləndirməyə kömək edir. Bununla yanaşı, dietoloqlar qışda kartof istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər.
İkincisi, vitamin D ilə zəngin məhsullardır. Qış aylarında qan səviyyəsində vitamin D azalır, bu isə əhval-ruhiyyəyə mənfi təsir edir və narahatlığı artırır. Bu problemi həll etmək üçün somon balığı, süd, yumurta sarısı, taxıllar, şiitake göbələkləri və qırmızı ət kimi məhsullar pəhrizə əlavə edilə bilər.
Üçüncüsü, yulafdır. Yulaf tərkibində sink və həll olunan liflər var ki, bu da immuniteti dəstəkləyir və ürək-damar sisteminə müsbət təsir göstərir. Ən faydalı seçim ənənəvi yulaf dənələridir, sürətlə hazırlanılan yulaf qarışıqları isə bir qədər az faydalıdır.
Dördüncü yerə isə şorba və bulyon əsaslı yeməklər daxildir. Xüsusilə toyuq və ya tərəvəz bulyonundan hazırlanan şorbalar faydalıdır. Onlara lobya və ya mərcimək əlavə etməklə protein və lif tərkibini artırmaq mümkündür. Bu cür yeməklər aclığı yatırır, həzm sürətini tənzimləyir və qan şəkərinin səviyyəsini nəzarətdə saxlayır.
Sonuncu isə karnabahar və brokkolidir. Bu tərəvəzlər soyuqdəyməyə qarşı əsas müdafiəni təmin edir. Onlar C vitamini ilə zəngindir və immunitetin güclənməsinə kömək edir. Maraqlıdır ki, dondurulmuş tərəvəzlər də təzə tərəvəzlər qədər faydalıdır.
Bu məhsullar qış aylarında balanslı və sağlam qidalanma üçün əvəzsizdir. Onları gündəlik menyuya daxil etmək orqanizmin soyuq havaya qarşı müqavimətini artırır və ümumi sağlamlığı qorumağa yardımçı olur.






