Qış aylarında immun sisteminin gücləndirilməsi sağlamlığın qorunması üçün xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə düzgün qidalanma ilə yanaşı, bəzi təbii məhsullar orqanizmə əlavə dəstək verə bilər.

Foodinfo.az Gazeta.Ru-ya istinadən xəbər verir ki, praktik nutrisiyoloq İrina Popkova qış mövsümündə ədviyyatların immuniteti gücləndirməyə kömək etdiyini bildirib. Onun sözlərinə görə, ədviyyatların tərkibində olan efir yağları və fitonsidlər təbii antiseptik və immunomodulyator kimi fəaliyyət göstərir. Mütəxəssis xüsusilə darçın, badyan, mixək və ətirli bibərin faydalı olduğunu qeyd edib.

Bildirilir ki, bu ədviyyatlar orqanizmin infeksiyalara qarşı müqavimətini artırmağa kömək edir. Popkova darçını səhər qəhvəsinə və ya smuzilərə əlavə etməyi tövsiyə edir. Badyanın isə çayla birlikdə termosda istifadə edilməsi həm isinməyə, həm də immun dəstəyə faydalı hesab olunur. Mixək və ətirli bibər tərəvəz və paxlalı şorbalara əlavə edildikdə yeməklərin həm dadını, həm də faydasını artırır.

Nutrisiyoloqun sözlərinə görə, ədviyyatların müntəzəm, lakin ölçülü istifadəsi daha yaxşı nəticə verir. Mütəxəssislər vurğulayırlar ki, təbii ədviyyatlar qış aylarında orqanizmin zəifləməsinin qarşısını almağa kömək edə bilər. Bununla yanaşı, balanslı qidalanma və kifayət qədər maye qəbulu da vacib şərtlər sırasındadır. Qeyd olunur ki, sadə qida vərdişlərinə bu cür əlavələr etməklə qış mövsümünü daha sağlam keçirmək mümkündür.