Soyuq aylarda immuniteti gücləndirmək və ürək-damar sağlamlığını qorumaq üçün meyvə seçimi böyük əhəmiyyət daşıyır. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, dietoloq Mariya BriJan ürək problemi olan şəxslərə qış menyusuna nar əlavə etməyi tövsiyə edib.
Onun sözlərinə görə, nar qış mövsümündə həm əlçatan, həm də faydalı meyvələrdən biri hesab olunur və tərkibindəki maddələr ürəyin çalışmasını dəstəkləyir, damarların elastikliyini qoruyur. Həkim bildirib ki, nar güclü antioksidantlarla zəngindir və bu maddələr bədəndə iltihabı azaldaraq hüceyrələri qocalmadan müdafiə edir.
Meyvənin tərkibində olan kalium və maqnezium ürək ritminin normal işləməsinə yardım göstərir, C və K vitaminləri isə damar divarlarını möhkəmləndirir. Bitki lifinin yüksək olması həzmi yaxşılaşdırır, bağırsaq mühitini tarazda saxlayır və orqanizmin təmizlənməsinə kömək edir. Alimlərin araşdırmalarına görə, narın müntəzəm istifadəsi qan təzyiqinin stabilləşməsinə, qandakı zərərli yağların azalmasına və maddələr mübadiləsinin yaxşılaşmasına təsir göstərə bilər. Bəzi elmi məlumatlarda narın beyin hüceyrələrini oksidləşmədən qoruyaraq Altsheymer riskini azaltmağa kömək etdiyi də qeyd olunur. Bağırsaqda nar antioksidantlarından yaranan urolitin-A adlı təbii maddə immun müdafiəsini gücləndirən əsas faktor hesab edilir.
Dietoloq nar seçərkən diqqətli olmağı tövsiyə edərək bildirib ki, yetişmiş meyvənin qabığı nazik, bir qədər quru görünməli, özü isə ağır və bərk olmalıdır. Barmaqlarla yüngül toxunuş zamanı tərtəmiz, açıq səs gəlməsi yaxşı yetişkənlik əlamətidir. Qış menyusuna nar əlavə etmək həm dadlı, həm də sağlamlıq baxımından səmərəli seçim sayılır. Mütəxəssislər meyvəni sadəcə təzə deyil, şirə, salat və desertlərdə də istifadə etməyi məsləhət görürlər.






