Son illər cəmiyyətdə qlüten tərkibli çörəyin zərərli olması barədə geniş yayılmış fikir formalaşıb. Bir çoxları hesab edir ki, qlüten bağırsaqlarda problemlər yaradır və ondan imtina etmək sağlamlıq üçün daha xeyirlidir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, mütəxəssislər bu yanaşmanın əksər hallarda əsassız olduğunu bildirirlər.
Çörəkçilik Sənayesi Elmi-Tədqiqat İnstitutunun direktoru Marina Kostyuçenkonun sözlərinə görə, qlütensiz çörək əsasən qlütenə qarşı həssaslığı və ya çölyak xəstəliyi olan insanlar üçün nəzərdə tutulub. Belə insanların sayı isə müxtəlif ölkələrdə əhalinin cəmi 1–3 faizini təşkil edir. Alimlərin apardığı araşdırmalar göstərib ki, qlütenli çörəkdən sonra yaranan narahatlıqlar çox vaxt zülalın özündən deyil, çörəyin tərkibində olan bəzi karbohidratlardan qaynaqlanır.
Melburn Universitetində aparılan tədqiqat da qlütenin sağlam insanlarda qarında köp və ağrı yaratması barədə fikirlərin əsasən psixoloji gözləntilərlə bağlı olduğunu təsdiqləyib. Qlütenə qarşı dözümsüzlüyü olmayan könüllülərə iki həftə ərzində həm qlütenli, həm də qlütensiz məhsullar verilib və nəticələr arasında ciddi fərq aşkar edilməyib. Bu isə göstərir ki, bir çox halda insanlar qlütenin zərərli olacağına inanaraq özlərini narahat hiss edirlər.
Mütəxəssislər vurğulayır ki, əgər insanda qlütenə qarşı real tibbi problem yoxdursa, qlütenli məhsullardan imtina hətta zərərli ola bilər. Genişmiqyaslı araşdırmalar qlüten tərkibli çörək, makaron və yarmaların müntəzəm istifadəsinin ürək-damar xəstəlikləri və maddələr mübadiləsi pozuntularının riskini azaltdığını göstərib. Bundan başqa, qlütensiz çörəklər adətən qarğıdalı və düyü unundan hazırlanır, lif, vitamin və mineral maddələr baxımından adi çörəklərdən daha kasad olur.
Marina Kostyuçenkonun fikrincə, qlütensiz çörəyin hazırlanması zamanı çoxlu qida əlavələrindən istifadə olunur və bu məhsullar tez-tez yüksək dərəcədə emal olunmuş qidalar sırasına daxildir. Belə məhsulların tez-tez qəbulu isə sağlamlıq üçün arzuolunan sayılmır. Mütəxəssislər məsləhət görür ki, dəbə uymadan, balanslı və tam taxıllı məhsullara əsaslanan qidalanma tərzi seçilsin.






