Bu il sarımsaq əkininə yatırdığım 700 manat vəsait hədər gedib.
Bunu ölkənin ən böyük sarımsaq istehsalçısı Ələddin Rzayev açıqlamasında bildirib.
O qeyd edib ki, builki hava şəraiti də məhsulun xarab olmasına gətirib-çıxarıb:
“Artıq dördüncü ildir sarımsaq əkirəm. Bölgədə sarımsaq əkininə ilk mən başlamışam. Yerli sort əkirdim. Sonra gördük ki, yerli sort effekt vermir. Bazarda yerli sorta yaxın duran yoxdur. Çünki yerli sortun nəsli məlum deyil.
Artıq öz ilkin tərkibini itirib. Ona görə Ukrayna və Sibir sortunu qarışdıraraq seleksiya yolu ilə yeni sort yetişdirməyə başlamışam. Toxumu çox böyük əziyyətlə özüm tapıb gətirmişəm”.
Yeni sortun məhsuldarlığının çox olduğunu deyən fermer hər hektara 15-16 ton məhsul yığımı gözlədiyini bildirir. Onun sözlərinə görə, yerli sortdan məhsuldarlıq hektara 7-18 ton idi.
Fermerin sözlərinə görə, yerli sort sarımsaq sentyabrda əkilib, mayda yığılır. Ancaq yeni sort iyun-iyul ayına qədər dözür:
“Yerli sort sarımsaq 25 dərəcədən artıq isti havaya dözmür. Bu il məhsulun qapıda qalmasının səbəblərindən biri də budur”.
Fermerlərin plansız əkin aparmalarından şikayətlənən Ə.Rzayev deyir ki, bu il az qala bütün respublika sarımsaq əkib:
“Mən özüm də üç il az əkmişdim, bu il çox əkdim. Ötən il 10 hektar ərazidə sarımsaq əkmişdim, yaxşı satdım. Gündə 100 adam zəng edib sarımsaq istəyirdi. Bu il tək məndə yox, bütün respublikada sarımsaq fermerlərin qapısında qalıb.
Rayonda hamı mənə baxıb sarmısaq əkib. Halbuki əvvəllər fermerlər “sarımsaq əkininin düşər-düşməzi var” deyib bu məhsulu əkmirdilər.
Kənd Təsərrüfatı Nazirliyi mənə plan versin ki, sən bu il 10 hektar ərazidə ək, digəri beş hektar. Biz özbaşına əkirik. Sonda da ziyana düşürük”.
Ə.Rzayev arqonomların bilik səviyyələrindən də şikayət edir. Deyir ki, 10 aqronom gətirib, ancaq istədiyi nəticəni almayıb:
“Türkiyədən belə aqronom gətirmişəm, əksinə, düzü əyib”.
Ə.Rzayev itkilərini yeni yaratdığı sarımsaq sortu ilə bu il kompensasiya edəcəyini düşünür:
“Artıq bu il toxum da sata biləcəyik, sarımsaq da. Ən azı 200 ton toxum, 500 ton sarımsaq əldə edəcəyik. Nazirlik dəstək göstərərsə, növbəti il ölkəni 20 faiz toxumla təmin edə bilərik”.
Məlum oldu ki, yeni sortun adı yetişdirilməsində iştirak edən şəxslərin adlarının baş hərflərindən götürülərək İSMUR EF adlandırılıb. Yeni sarımsaq növü hələlik marketlərdə 2,7 manatdan satışa çıxarılıb. (Oxu.az)