
Şəkər son illərdə sağlamlıq baxımından çox tənqid olunan bir qida maddəsinə çevrilib. "Ağ zəhər", "səssiz düşmən" kimi ifadələrlə adlandırılan şəkərin çox istifadəsi doğrudan da bir çox xəstəliklərin səbəbkarıdır. Lakin bu, şəkərin tamamilə faydasız olduğu mənasına gəlmir. Əsas məsələ şəkərin miqdarı, mənbəyi və istehlak forması ilə bağlıdır.
Foodinfo.az xəbər verir ki, şəkər orqanizmin əsas enerji mənbələrindən biridir. Xüsusilə qlükoza beyinin və əzələlərin əsas "yanacaq" maddəsidir. Bədənin düzgün işləməsi üçün müəyyən miqdarda şəkərə ehtiyacı var. Problem onun süni və artıq miqdarda qəbul edilməsindən yaranır.
Bəs, şəkərin faydalı tərəfləri hansılardır?
1. Enerji mənbəyidir
Qlükoza bədənin enerji ehtiyacını qarşılayır. Xüsusilə idman edənlər və fiziki aktiv şəxslər üçün şəkər (dozalı halda) sürətli enerji təmin edir.
2. Beyin funksiyalarını dəstəkləyir
Beyin enerji üçün əsasən qlükozadan istifadə edir. Qısa müddətli qlükoza çatışmazlığı diqqət azalması, başgicəllənmə və zəiflik yarada bilər.
3. Hipoqlikemiyanın qarşısını alır
Aşağı qan şəkəri (hipoqlikemiya) halında şəkərli bir qida və ya içki vəziyyəti tez bir zamanda stabilləşdirir. Bu, xüsusilə şəkər xəstələri üçün həyati əhəmiyyət daşıyır.
4. Təbii şəkərlər orqanizm üçün faydalıdır
Meyvələrdə, tərəvəzlərdə və süd məhsullarında olan təbii şəkərlər (fruktoza və laktoza) vitamin, mineral və liflə birlikdə orqanizmə daxil olur və balanslı qidalanmaya dəstək verir.
Nəyə görə şəkər zərərlidir deyilir?
- Rafinə (emal olunmuş) şəkərin artıq miqdarı piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri, insulin müqaviməti və diş çürüməsi kimi ciddi problemlərə səbəb olur.
- Boş kalori mənbəyidir: Yəni vitamin, mineral və lif tərkibi yoxdur.
- Asılılıq yarada bilər: Şəkər beyində xoşbəxtlik hormonlarını (dopamin) sürətlə artırdığı üçün zamanla psixoloji asılılıq yaradaraq daha çox istək doğurur.
Şəkər tamamilə düşmən deyil, amma dost kimi qəbul edilə bilməsi üçün onu ölçü ilə və düzgün formada qəbul etmək vacibdir.