
Meyvə sağlam qida sayılır, lakin onun qəbul vaxtı da bir o qədər əhəmiyyətlidir. Foodinfo.az bildirir ki, gecə saatlarında meyvə yemək orqanizmin qlükoza balansına mənfi təsir göstərə bilər. Meyvələr təbii şəkər olan fruktoza ilə zəngindir və bu, axşam saatlarında qan şəkərinin qəfil yüksəlməsinə səbəb ola bilər. Xüsusilə yatmazdan az əvvəl meyvə qəbul edən insanlarda insulin səviyyəsində disbalans və yuxu keyfiyyətində azalma müşahidə edilir.
Gecə saatlarında bədənin metabolik fəaliyyəti zəiflədiyi üçün şəkərin enerjiyə çevrilməsi prosesi ləngiyir. Bu isə piylənmə və qaraciyər yükü ilə nəticələnə bilər. Eyni zamanda, bəzi meyvələrin turşuluğu mədə turşusunu artıraraq reflüks və narahatlıq yarada bilər.
Ən çox təsir göstərən meyvələr arasında üzüm, banan və əncir göstərilir. Mütəxəssislər meyvələrin günorta və ya axşam yeməyindən ən azı iki saat əvvəl istehlak edilməsini məsləhət görürlər. Gecə saatlarında yüngül zülal və ya yağlı olmayan süd məhsulları daha uyğun seçim sayılır. Nəticə olaraq, meyvə sağlam olsa da, onun qəbulu vaxtına diqqət etmək vacibdir.