Şəkərin yeməklərə və içkilərə xüsusi ləzzət qatdığı hər kəsə məlumdur. Lakin bu, sağlamlığa ziyan vurur. Normadan artıq olduqda piylənmə, diş çürüməsi, ikinci tip diabet və ürək xəstəliklərinə aparıb çıxarır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Ramazan Nəbiyev deyib: “Şəkərdən qədərindən artıq istifadə edilməsinin başlıca mənfi təsirlərdən biri şəkərli diabetin yaranmasına səbəb olmasıdır. Ağ şəkər və yüksək miqdarda şəkər ehtiva edən məhsulların istehlakı nəticəsində dərhal qana qarışma baş verdiyinə görə qan şəkərinin stabilliyinin pozulması, yüksəlmənin müşahidə olunması, insulin rezistentliyinin yaranmasını qeyd etmək olar”.
Emal olunmuş şəkərin həddindən artıq istifadəsi asılılıq yarada bilir. Məhz buna görə də onun daha az porsiyalarla istehlakı tövsiyə olunur.
Qida eksperti Məhsəti Hüseynova deyib: “Hətta keyfiyyətli rafinə olunmuş şəkər də insan orqanizminə zərər verir. Lakin hər bir orqanizm enerjili olmaq üçün mütləq şəkildə hər gün qadınlar 20, kişilər 25-30 qram şəkər qəbul etməlidir. Onu quru meyvələrin tərkibində olan və mövsümü meyvələrin tərkibində olan şəkərdən almaq daha faydalıdır. Bununla yanaşı, paxlalı məhsullarla qidalanmaqla da qida rasionuna lazım olan gündəlik şəkər normasını qəbul etmək olar”.
Sağlamlıq hər kəsin şəxsi seçimindən və həyat tərzindən asılıdır. Lakin bu da bir həqiqətdir ki, şəkərin həyatımızdakı rolunu və qidalanma vərdişlərini yenidən nəzərdən keçirmək sağlamlıq üçün çox vacibdır.