
Soğan turşusu yeməklərə xüsusi dad və ətir qatır. Foodinfo.az bildirir ki, sirkədə hazırlanan bu turşu həm tez hazırlanır, həm də uzun müddət saxlanıla bilir.
Lazım olan inqrediyentlər:
Orta ölçülü 4-5 baş qırmızı soğan
1 stəkan üzüm və ya alma sirkəsi
1 stəkan su
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
İstəyə görə bir neçə dənə qara istiot, dəfnə yarpağı və sarımsaq
Hazırlanma qaydası:
Soğanlar təmizlənib nazik halqalar şəklində doğranır. Bir qaba sirkə, su, şəkər və duz əlavə olunaraq qarışdırılır, sonra ocaqda qızdırılıb qaynama həddinə gətirilir.
Hazırlanan isti məhlul doğranmış soğanın üzərinə əlavə olunur. İstəyə görə qara istiot, dəfnə yarpağı və sarımsaq da qatmaq olar. Soğanlar tam məhlulun içində qalmalıdır.
Qabın qapağı örtülərək otaq temperaturunda soyumağa qoyulur. Daha sonra soyuducuda saxlanılır. Artıq 4-5 saatdan sonra turşunu istifadə etmək mümkündür, amma ən yaxşı dadını 1 gün sonra verir.
Bu üsulla hazırlanan sirkəli soğan turşusu kabab, balıq, ət yeməkləri və hətta salatlarla birlikdə süfrəyə təqdim oluna bilər.