Sağlam qidalanma yalnız ümumi vəziyyətə deyil, həm də ailə planlamasına ciddi təsir göstərir. Mütəxəssislər bildirir ki, bəzi məhsullar var ki, onlar orqanizmi hamiləliyə daha yaxşı hazırlayır və uğurlu nəticə ehtimalını artırır. Bu baxımdan şpinat xüsusi diqqət çəkir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq Marina Sorokinanın sözlərinə görə, şpinat A, C, K vitaminləri, dəmir, kalsium, maqnezium və xüsusilə fol turşusu (B9 vitamini) ilə zəngindir. Bu maddələr həm immun sistemini gücləndirir, həm də orqanizmdə vacib prosesləri dəstəkləyir. Şpinatın tərkibində olan antioksidantlar isə xroniki xəstəliklərin və erkən qocalmanın qarşısını almağa kömək edir.
Mütəxəssis vurğulayır ki, şpinat xüsusilə hamiləlik planlaşdıran qadınlar üçün faydalıdır. Tərkibindəki fol turşusu sayəsində mayalanma ehtimalı əhəmiyyətli dərəcədə artır və dölün sağlam inkişafı dəstəklənir. Araşdırmalara görə, bu maddə yeni doğulanlarda beyin və onurğa ilə bağlı qüsurların riskini azaldır.
Şpinatdan dadlı və yüngül salat da hazırlamaq mümkündür. Təzə şpinat yarpaqları, alma dilimləri, qırmızı soğan, quru zoğal və pendir qarışdırılır. Üzərinə zeytun yağı, limon suyu, xardal və baldan ibarət sous əlavə olunur. Bu salat həm faydalı, həm də ləzzətli seçim kimi süfrənizi zənginləşdirə bilər.






