Tək bir pəhriz növünə uzun müddət bağlı qalmaq — məsələn, yalnız zülal, yalnız karbohidrat, yalnız bitki əsaslı və ya yalnız meyvə ilə qidalanmaq bədənə həm qısamüddətli, həm də uzunmüddətli mənfi təsirlər göstərə bilər. Hər pəhriz növünün özünəməxsus riskləri və üstünlükləri olsa da, tək tərəfli qidalanma ümumilikdə balanssızlığa səbəb olur.

Foodinfo.az xəbər verir ki, bədən bütün sistemlərin düzgün işləməsi üçün zülal, yağ, karbohidrat, vitamin və mineralların balanslı şəkildə qəbuluna ehtiyac duyur. Məsələn, yalnız meyvə ilə qidalanmaq B12, dəmir, zülal və yağ çatışmazlığına, yalnız ət yemək isə lif, C vitamini və antioksidant əksikliyinə səbəb ola bilər.

Bəzi ekstremal pəhrizlər maddələr mübadiləsini pozur. Karbohidratsız pəhrizlər enerji azlığı, başgicəllənmə, əsəbilik, qəbizliyə səbəb olur. Yüksək zülallı pəhrizlər isə böyrəklərə yük, sidik turşusunun artması, susuzluq kimi problemlər yaradır.

Yağların və mikroelementlərin azlığı qadınlarda menstruasiya pozuntuları, kişilərdə testosteron azalması kimi problemlərə səbəb ola bilər.

Davamlı eyni tip yeməklərlə qidalanmaq psixoloji sıxıntıya, yeməkdən bezməyə, hətta yemək pozğunluqlarına (anoreksiya, bulimiya) yol aça bilər.

Eyni zamanda, qidalanma balanssız olduqda immun sistem zəifləyir, bu da tez-tez xəstələnməyə və bədənin özünü bərpa etmə qabiliyyətinin azalmasına gətirir.

Tək növ pəhrizlər bədəndə ciddi qida balanssızlığına, hormon və metabolik pozğunluqlara səbəb ola bilər. Daimi sağlamlıq və enerji üçün müxtəlif, təbii və balanslı qidalanma vacibdir.