Dildə yaranan yaralar, ağ ləkələr və ya aftalar çox zaman zərərsiz və müvəqqəti olur. Lakin bəzi hallarda bu dəyişikliklər vitamin çatışmazlığı, immun sisteminin zəifləməsi və ya ciddi xəstəliklərin başlanğıcı ola bilər.

Foodinfo.az xəbər verir ki, dil yaralarının ən çox yayılmış səbəblərinə virus və bakteriya infeksiyaları, mexaniki zədələnmələr, stress və hormonal dəyişikliklər daxildir. 

Həmçinin B qrupu vitaminləri, dəmir və fol turşusunun çatışmazlığı da ağızda yara və yanma hissi yarada bilər.

Bəzi hallarda dil yaraları diabet, mədə-bağırsaq xəstəlikləri və anemiya kimi daxili problemlərin göstəricisidir. Nadir hallarda isə bu simptomlar ağız boşluğu xərçənginin erkən əlaməti ola bilər.

Dil üzərində yaranan yaralar iki həftədən çox sağalmırsa, tez-tez təkrarlanırsa və ya ağrı, qanaxma və şişkinliklə müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.

Həkimlər profilaktik olaraq ağız gigiyenasına diqqət yetirməyi, vitaminlə zəngin qidalarla qidalanmağı, çox isti və ədviyyatlı yeməklərdən uzaq durmağı və stresi azaltmağı tövsiyə edirlər.

Dildə yaranan hər bir yara bəzən orqanizmdə gizli gedən proseslərin xəbərçisi ola bilər, buna görə də bu cür hallar yüngül qəbul edilməməlidir.