Giləmeyvələr həm təzə, həm də müxtəlif formada – şirə, sirop, içki, ekstrakt, kvas, mors, jele, marmelad və mürəbbə şəklində istifadə oluna bilər. Onlar vitaminlər, minerallar, faydalı maddələr və liflə zəngin qida mənbəyi hesab olunur.
Mütəxəssislər giləmeyvələrin yalnız mövsümündə deyil, ilboyu qida rasionuna daxil edilməsini tövsiyə edirlər. Araşdırmalar göstərir ki, bu məhsulların müntəzəm qəbulu erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Foodinfo.az The Journal of Nutrition jurnalına istinadla xəbər verir ki, 8 ildən artıq davam edən və 37 mindən çox insanın sağlamlıq məlumatlarını əhatə edən tədqiqatda giləmeyvələrin ölüm riskinə təsiri araşdırılıb.
Nəticələrə əsasən, ən faydalı giləmeyvə kimi Ukraynada yetişən quşüzümü (klyukva) ön plana çıxıb. Bu giləmeyvə vaxtından əvvəl ölüm riskini 31 faiz azaldır. Araşdırmada qaragilə və digər giləmeyvələrin bu riski 21 faiz, çiyələyin isə 14 faiz azaltdığı müəyyən edilib.
Quşüzümünün faydası onun tərkibində olan katexinlər, qlikozidlər, pektinlər və flavonoidlərlə əlaqələndirilir. Bu maddələr hipertoniyanın və aterosklerozun qarşısının alınmasında mühüm rol oynayır. Eyni zamanda, quşüzümü görmə qabiliyyətinin qorunmasına kömək edir, antimikrob xüsusiyyətlərə malikdir və sidikqovucu vasitə kimi istifadə olunur.
Mütəxəssislər qeyd edirlər ki, giləmeyvələr orqanizmə tonusverici və təravətləndirici təsir göstərir, həm zehni, həm də fiziki iş qabiliyyətini artırır, mədə və mədəaltı vəzinin şirə ifrazını gücləndirir. Onlardan həmçinin hərarətsalıcı və vitamin mənbəyi kimi də faydalanmaq mümkündür.
Müalicə məqsədilə əsasən tam yetişmiş giləmeyvələrdən istifadə edilir. Onlar ilk şaxtalardan sonra yığılır və qar örtüyü əmələ gələnədək toplanır. Qar əridikdən sonra yığım yenidən davam etdirilir. Bu giləmeyvələr uzun müddət saxlanılsa belə, faydalı xüsusiyyətlərini demək olar ki, itirmir.






