Endokrinoloq Zuxra Pavlova insanın çəkisini azaldan və ya artıran məhsullar və onların gündəlik miqdarı barədə danışıb.
Foodinfo.az xəbər verir ki, mütəxəssis statistik məlumatları özünün "Telegram" kanalında dərc edib.
Belə ki, gündə yüz qram kartof, noxud və ya qarğıdalı yedikdə, çəki 2,6 kiloqram artır. Rasiona gündə 100 qram meyvə əlavə etdikdə isə, bədən çəkisi 1,6 kiloqram azalır. Kələm, xiyar, soğan kimi nişastasız tərəvəzlərə gəldikdə, eyni miqdar çəkini üç kiloqram azaldır.
Həkim Pavlova qeyd edib ki, bu, həmin məhsulların dörd illik istehlakına hesablanmış orta rəqəmlərdir. Statistik məlumatlar 114 min qadını və 22,5 min kişini 29 il ərzində müşahidə etməklə əldə olunub. Məlumata əsasən, hər dörd ildən bir, cinsindən asılı olmayaraq, insan orta hesabla 1,5 kiloqram kökəlir. Əsas səbəb səhv qidalanmadır.
“Kökəlməyən, hətta arıqlayanlar nişastasız tərəvəzlərə üstünlük verirdilər: pomidor, xiyar, balqabaq, badımcan, brokoli, şirin bibər, bütün kələm növləri, göyərti və s. Liflə zəngin olan meyvələr və tam taxıl çörəyi də bədən quruluşuna müsbət təsir göstərib. Nişasta və əlavə şəkərlər isə əksinə, orta çəkinii müvafiq olaraq 1,5 və 0,9 kiloqram artırıb”, - deyə Pavlova vurğulayıb.
Tədqiqat müəlliflərinin sözlərinə görə, çəki artımı hər bir şəxsdə fərdi olaraq baş verib. Ən çox kökələn qadınlar olub. Artıq çəkisi olanlar isə arıq iştirakçılara nisbətən daha sürətli kökəlirdilər.
Endokrinoloq nəticə çıxararaq əlavə edib ki, ağır həzm olunan qarnirləri tərəvəzlə, adi çörəyi isə tam taxıl çörəyi ilə əvəz etmək lazımdır. Bundan əlavə, kartofu qaynadılmış şəkildə yemək məsləhətdir. Həkim, həmçinin, şəkərdən imtina etməyi məsləhət görüb.