Karantin günlərində keçən hərəkətsiz həyat tərzi nəticəsində çoxumuz istəməsə də, kökəldik. Qaydaların yumşaldılması və yayın yaxınlaşması bizə artıq çəkidən xilas olmaq yolları barədə düşünməyə imkan verir. Təəssüf ki, sosial şəbəkələrdə arıqlamaq barədə yayılan ənənəvi üsulların hamısı təsirli deyil.
Publika.az arıqlamaqla bağlı əsas rəvayətləri pozmağa çalışıb. Rusiyalı sağlam qidalanma mütəxəssisi Lyudmila Denisenko çəki atmağa kömək edən qidaları və vərdişləri, eyni zamanda onların təsirini açıqlayıb.
1. Kərəviz, qreypfrut və kələm yağları yandırır
Əslində yağları yandıran qidalar yoxdur. Bəziləri metabolik sürəti artıra bilər, ancaq qısa müddətlik. Bunların heç biri arıqlamaq vasitəsi deyil.
2. Yaşıl çay arıqladır
Bu, doğru deyil. Yaşıl çay arteriyalar üçün təhlükəli olan xolesterini neytrallaşdıran polifenol maddələrdən ibarətdir.
3. Sıyıq kökəldir
Taxıl həqiqətən karbohidrat mənbəyidir. Ancaq tərkibində çox miqdarda lif olan dənli bitki yeyənlərin hamısı asanlıqla kökəlmir. Əgər karbohidrat və yağları birləşdirsəniz, bədən kütləsi indeksi artar, ancaq karbohidratları yağla birləşdirmirsinizsə, əksinə azalar. Odur ki, sizin üçün əlverişli olanı seçin - çox yağlı keto pəhriz və ya çox miqdarda lif ehtiva edən dənli bitkilər.
4. İştahı öldürmək üçün alma yeyin
Doğru deyil. Alma və digər meyvələr iştahı yatırmır, əksinə onu alovlandırır.
5. Suxariklər təzə çörəklə müqayisədə az kalorilidir
Doğru deyil. Suxariklər daha yüksək kalorilidir, çünki tərkibində çörəkdən daha çox yağ var.
6. Zülal pəhrizi təsirlidir
Xeyr! Tədqiqatlar göstərir ki, kök insanlar zülal tərkibi aşağı olan pəhriz sayəsində daha yaxşı arıqlayırlar, lakin təsiri uzun sürmür. Tezliklə yenidən kökəlməyə başlayırlar.
7. Arıqlamaq üçün ən yaxşı yol aclıqdır
Aclıq yorğunluq və başgicəllənməyə səbəb ola bilər, odur ki, bu yol təhlükəlidir. Bütün günü dözümlü olsanız, axşam yeməyindən üç qat çox yemək riski artır.
8. Ağ çörək kəpək çörəyindən daha kalorilidir
Bu doğru deyil. 100 qr çörək 100 qr kəpək çörəyi ilə eyni kalorini verir. Lakin kəpək çörəyində həzmə kömək edən bir çox lif və maqnezium var.
9. Mükəmməl bədən quruluşunun sirri salatlardadır
Bu yalnız qismən doğrudur: kahı yarpaqlarında demək olar ki, kalori yoxdur. Amma! Bilirik ki, kahı yarpaqları təkbaşına ümumiyyətlə istifadə edilmir. Ən çox salatlarda və qarnir kimi istifadə olunur. Salat souslarında isə kifayət qədər yağ var, bir qaşığı təxminən 80 kaloridir. Nəticədə kahı salatı arıqlamağa kömək etməyəcək.
10. Yeməkdən sonra saqqız çeynəmək faydalıdır
Saqqız həqiqətən nəfəsi təravətləndirir, ancaq onu ağız gigiyenası vasitəsi adlandırmaq olmaz. Saqqızın diş sağlamlığına müsbət təsirləri barədə elmi sübutlar məhsulların yalnız kiçik çeşidinə aiddir. Şəkər ehtiva edən saqqız diş minasına dağıdıcı təsir göstərən konfetlərdən fərqlənmir.
Saqqız periodontal toxumalara zərər verə bilər. Əslində üç dəqiqə ərzində gündə üç dəfədən çox saqqız çeynəmək tövsiyə olunmur. Əgər onu ağzınızda daha uzun müddət saxlasanız, mədə şirəsinin həddindən artıq sekresiyası meydana gələcək.