Məlum olduğu kimi, artıq çəki çox vaxt maddələr mübadiləsinin sürəti ilə bağlıdır. Bəs metabolizmi necə sürətləndirmək və arıqlamaq olar? Maddələr mübadiləsi insan orqanizminin dirijorudur. Onun üç növü var: yavaş, sürətli və normal. Foodinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mübadilə proseslərinin birinci tipinə malik olan adamların bu baxımdan bəxti gətirməyib. Çünki hətta minimum lüzumsuz piy, kalori, yaxud pəhrizin azacıq pozulması yeni kiloqramların əmələ gəlməsinə yol açır. Maddələr mübadiləsi yavaş gedəndə orqanizmə daxil olan kalorilər piyə çevrilir. Deməli, uzun müddətə arıqlamaq üçün metabolizm nizamlanmalıdır. Maddələr mübadiləsinin ikinci tipi xas olan adamlar adətən doyunca yeyirlər və əsla kökəlmirlər. Maddələr mübadiləsinin üçüncü tipinə malik olan adamlar qaməti saxlamaq üçün idmanla məşğul olmalı, münasib şəkildə qidalanmalıdırlar. Amma maddələr mübadiləsi tipini müəyyənləşdirmək bir o qədər də asan deyildir. Bunun üçün çoxlu hormon analizi vermək lazımdır. Bundan əlavə, ayrı-ayrı diyetoloqların metabolizmə münasibəti tamamilə fərqlidir. Unutmayın ki, maddələr mübadiləsini yaxşılaşdırmaq, sağlam və gümrah olmaq üçün sadə üsullar var. Bunun üçün mütləq təmiz havada qaçmaq və ya gəzmək lazımdır. İnsanın bədənindəki piylər orqanizmin yanacağıdır. Gəzinti zamanı qanı saflaşdıran oksigen artıq kalorinin və dərialtı piy sellülozunun sərf olunmasına kömək edir. Ancaq piy yalnız orta gərginlik zamanı parçalanır. Bunun üçün sürətli addımlarla gəzmək kifayətdir.
Yaşıl çay maddələr mübadiləsini yavaşıdan toksinləri orqanizmdən çıxarmağa, şişkinliyi azaltmağa kömək edir. Çayın tərkibindəki kofein kalorilərin sürətlə sərf olunmasına kömək edir və ürəyin fəaliyyətini yaxşılaşdırır. Bununla belə, gündəlik norma 2-3 fincandan artıq olmamalıdır.
Şirin giləmeyvə və meyvələrlə gözəl uyğunlaşan darçın da metabolizmi yaxşılaşdırmaq üçün gözəl vasitədir. Elmi tədqiqatlar göstərir ki, darçın maddələr mübadiləsini 20 dəfə sürətləndirir. Gündə yarım çay qaşığı darçın şəkərin sürətlə həzm olunmasına və qanda onun miqdarının azalmasına kömək edir. Belə ki, qlükoza düşəndə, iştaha da kəsilir.
Doyunca səhər yeməyi maddələr mübadiləsini sürətləndirməyin mütləq şərtidir. Səhər yeməyindən imtina edən insanların orqanizmi “enerjiyə qənaət rejimi”ndə işləməyə davam edir, ona görə də kalorilər sərf olunmur.
Metabolizmi sürətləndirməyin daha bir vasitəsi keyfiyyətli yuxudur. İnsan dərin yuxuda olanda, orqanizm külli miqdarda böyümə hormonu – somatropin hasil edir və bu da maddələr mübadiləsini yaxşılaşdırır, beyin hüceyrələrinin yenilənməsinə kömək edir. Somatropin iştahanı küsdürməklə, aclıq hormonunun – qrelinin əmələ gəlməsinin qarşısını alır.
Kaliforniyalı diyetoloqlar müəyyən ediblər ki, gündə 320 milli qram maqnezium metabolizmi xeyli yaxşılaşdırır. Bu mineral piylərin əriməsinə kömək edir. Buğda kəpəyinin, günəbaxan tumlarının, paxlalıların, ispanağın, treska balığının və bəzi pendir sortlarının tərkibində çoxlu maqnezium var.