Əksəriyyət gündəlik olaraq istifadə edilən ədviyyatların faydaları haqda yetərincə məlumatlı deyil. Mətbəxdə, ən çox da un məmulatlarının hazırlanmasında tez-tez istifadə edilən çörəkotu (qara zirə) da bu qəbildəndir. Çörəkotu ən faydalı ədviyyatlardan, təbii dərmanlardan biri sayılır.
Foodinfo.az e-tibb.az-a istinadən xəbər verir ki, Türkiyədən olan həkim, fizioterapiya uzmanı Ümit Aktaş çörəkotunu təbiətin ən böyük möcüzələrindən biri adlandırıb. Həkim hətta onu "ölümdən başqa hər şeyə çarə" sayır və mətbəxdən əskik etməməyi tövsiyə edib.
Onun sözlərinə görə, çörəkotu mikrobları öldürür, təbii antiseptik dərmandır, tərkibindəki timokinon adlı maddə immun sistemini gücləndirir, bu, xərçənglə mübarizə aparan ən güclü vasitələrdən biridir.
Onun orqanizmdə olan xroniki iltihabı aradan qaldırmaq, arıqlamağa yardım etmək kimi xüsusiyyətləri də var. Çörəkotu xərçəng hüceyrələrinə, şəkərli diabet, insulin rezistentliyinə qarşı qalxan hesab olunur.
Mütəxəssisin sözlərinə görə, çörəkotunu ev şəraitində, həvəngdəstədə yağı çıxana kimi döyüb, yağı salatlara və qatığa qatıb yemək lazımdır. Ədviyyatı un məmulatlarının, şirniyyatlarının üzərinə töküb istifadə etməkdən daha faydalıdır.
Çörəkotu qaraciyər, mədəaltı vəzi, süd vəzi, mədə, bağırsaq və beyin xərçənginin qarşısını almaq üçün ən qiymətli vasitələrdən biri sayılır. Bu xəstəliklərin inkişafını ləngidir. Bununla bağlı bir sıra araşdırmalar var.
Onun tərkibində olan timokinon maddəsinin güclü antioksidant və antixərçəng xüsusiyyətlərinin olduğu, hətta aqressiv inkişaf edən xərçəngin inkişafını ləngitdiyi sübut olunub.