
Kartofun yüksək kalorili və zərərli məhsul kimi təqdim edilməsi yanlış yanaşmadır. Foodinfo.az bildirir ki, “Hemotest” laboratoriyasının qastroenteroloqu Yekaterina Kaşux bu kök tərəvəzin düzgün istifadə edildikdə orqanizmə fayda verdiyini qeyd edib.
Həkim bildirib ki, kartofun tərkibində pəhriz lifi, C və B vitaminləri, maqnezium, kalium və müəyyən miqdarda zülal var. Onun sözlərinə görə, bu komponentlər toxluq hissi yaradır və yoğun bağırsaqda faydalı bakteriyaların qidalanması üçün vacib olan davamlı nişasta ilə zəngindir.
Kaşux vurğulayıb ki, nişastanın bu forması mədə-bağırsaq mikroflorasının balansını qoruyur və qanda şəkərin səviyyəsini tənzimləyir. Lakin kartofun faydası onun necə hazırlanmasından çox asılıdır.
Ekspert sağlamlıq üçün ən uyğun variantın kartofun qabığında bişirilməsi və soyudularaq otaq temperaturunda yeyilməsi olduğunu deyib. Bu halda 100 qram kartofda təxminən 70-75 kilokalori olur və faydalı maddələr daha çox qorunur.
Əksinə, süd və yağla hazırlanan kartof püresi, eləcə də qızardılmış kartof kalorisi yüksək olduğundan piylənmə və ürək-damar xəstəliklərinə səbəb ola bilər. Belə hallarda 100 qram məhsulda enerji dəyəri 110-120 kilokaloriyə qədər yüksəlir.
Kartofun karbohidrat baxımından zəngin olduğunu qeyd edən həkim, bu məhsulu gündəlik menyuya əlavə edərkən zülal, yağ və lif balansını da nəzərə almağı tövsiyə edir. Qastroenteroloq müxtəlifliyə üstünlük verilməsini, kartofun alternativ olaraq balqabaq, şirin kartof və qarabaşaq yarması ilə əvəzlənməsini tövsiyə edib.
Eyni zamanda o, yaşıl və ya cücərmiş kartofun qətiyyən yeyilməməli olduğunu bildirib. Belə yumrularda zəhərli maddə olan solanin mövcuddur və bu maddə zəhərlənməyə, həzm pozğunluqlarına, ürəkbulanma və qıcolmalara səbəb ola bilər.