Azərbaycanda qida zəhərlənməsi hallarının araşdırılması zamanı çox zaman üzə çıxan fakt bu olur ki, insanlar konservləşdirilmiş, xüsusilə ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan zəhərlənirlər. Buna dair son qeydə alınan fakt kimi isə İmişlidə bir ailədə baş verən hadisəni göstərə bilərik. Ev şəraitində hazırlanan konserv məhsulunu qəbul etdikdən sonra ailənin bir üzvü dünyasını dəyişib, iki nəfər isə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanada müalicə olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, ötən il ərzində 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Təsdiq olunmuş qida zəhərlənmələri əsasən məişət zəminində baş verib ki, bu da ümumi halların 87.7 faizini təşkil edib. Belə halların baş verməməsi üçün dəfələrlə əhaliyə müraciət olunaraq kustar üsulla məhsul hazırlayan zaman həddindən artıq diqqətli olmaları, sanitar-gigiyena qaydalarına əməl etmələri tövsiyə olunsa da, qida zəhərlənməsi, xüsusilə məhz konservləşdirilmiş məhsullardan botulizm halları hələ də baş verir. Yeri gəlmişkən qeyd edək ki, botulizm xəstəliyi Clostridium Botulinum bakteriyasının ifraz etdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Clostridium Botulinum bakteriyası torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə və suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər yaxşı təmizlənməsə, yuyulmasa, düzgün sterilizasiya olunmasa və daha sonra uyğun olmayan şəraitdə saxlanılsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə AQTA-dan Trend-ə verilən məlumata görə, Clostridium Botulinum bakteriyası havasız mühitdə daha fəal çoxalır və məhz burada botulotoksin ifraz edir: “Havasız konserv bankaları bu bakteriyalar üçün ən “əlverişli” mühitdir. Botulotoksin insan orqanizminə düşdükdə, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, dünyasını dəyişə bilər”.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, həkim-konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, qida zəhərlənmələri - tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan kəskin haldır (nadir hallarda xroniki ola bilər). Qida intoksikasiyası və ya qida toksikoinfeksiyası da adlandırılan bu halın ən geniş yayılmış formaları patogen mikroorqanizmlərlə və müxtəlif kateqoriyalı kimyəvi maddələrlə olan zəhərlənmələrdir. Bu formalara zəhərli bitki və bəzi heyvanların qida vasitəsi kimi qəbul edilməsi nəticəsində yaranan zəhərlənmələr də aiddir. Ona görə də qida zəhərlənmələri iki qrupa - bakterial və qeyri-bakterial zəhərlənmələrə bölünür. Bakterial qida zəhərlənmələri patogen mikroblar və ya onların toksinləri ilə yoluxmuş qidaların yeyilməsi zamanı baş verir. Qeyri-bakterial qida zəhərlənmələrinə qida vasitəsi kimi istifadə olunan heyvan (xüsusilə, zəhərli balıq məsulları), bitki (məsələn, zəhərli göbələklər) mənşəli qidalarla və ya kimyəvi maddələrlə zəhərlənmələr aiddir.
Qida zəhərlənməsinin əlamətlərindən danışan Y.Abdiyeva qeyd edib ki, zəhərlənmə ümumi intoksikasiya və qastroenterokolit əlamətləri ilə biruzə verir. Qidalanmadan bir neçə saat sonra kəskin surətdə başlayan ürək bulanma, halsızlıq, qarınüstü nahiyədə köpmə və ağrı hiss edilir, çox keçmədən bol qusma baş verir və bu, xəstənin vəziyyətini bir qədər yüngülləşdirir: “Qusma ishal ilə müşayiət olunur. Qarın nahiyəsində sancı şəklində ağrılar baş verə bilər. Çox vaxt temperatur yüksəlir, başağrısı və bütün bədəndə ağrı hiss olunur”.
Həkim qeyd edib ki, qida zəhərlənmələri zamanı tibbi yardım 3 mərhələdə aparılır. Birinci mərhələdə zəhəri orqanizmdən mümkün qədər qısa müddətdə çıxarmağa çalışmaq lazımdır. Zəhərlənmədən şübhələndikdə həkimə müraciət edənə qədər su qəbul edərək, qusmağa çalışmaq lazımdır: “Daha yaxşı olar ki, mədə ilıq qaynadılmış su və yaxud da iki faizli çay sodası məhlulu ilə yuyulsun, bağırsaqlar təmizləyici imalə olunsun. Həmçinin xəstəlik müddətində çoxlu miqdarda su içmək məsləhətdir. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq suya bir çay qaşığı xörək duzu, bir çay qaşığı çay sodası və iki xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır. İlk günlərdə qida qəbulu məhdudlaşdırılmalı, asan həzm olunan qidalar az-az və tez-tez yeyilməlidir”.
Y.Abdiyeva əlavə edib ki, tənəffüsün birdən-birə pozulması və əzələ zəifliyi, qan qarışıq güclü ishal, yüksək qızdırma, uzun müddət davam edən sulu ishal və orqanizmin susuzlaşması zamanı dərhal təcili yardım çağırılmalıdır. Çünki zəhərlənmə inkişaf etdikdə onu ev şəraitində müalicə etmək məsləhət deyil. Bu zaman çox pis ağırlaşmalar baş verə bilər: "Tibbi yardımın ikinci mərhələsində xəstəyə antidot verilməlidir - Antidot qəbul edilmiş zəhərin əksinə təsir göstərən, onun aktivliyini azaldan, onu orqanizmdən çıxaran maddədir. Zəhərlər müxtəlif olduğu kimi, antidotlar da müxtəlifdir. Demək olar ki, bütün qida zəhərlənmələrində istifadə oluna bilən antidot “Aktiv kömür” sayılır. Hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla “Aktiv kömür” dərman vasitəsini əzib, onu 1 stəkan suya qatıb içmək tövsiyə olunur. Çünki “Aktiv kömür” adsorbentdir, mədə-bağırsaq yolunda olan zəhərli maddələri özünə hopdurur, toksinlərin qana keçməsinin və zəhərlənmənin qarşısı alır. Digər antidotlar zəhərə müvafiq olaraq seçilməlidir”.
Həkim bildirib ki, tibbi yardımın üçüncü mərhələsində simptomatik müalicə aparılmalıdır. Bu mərhələ birbaşa olaraq zəhərin zədələdiyi orqanın funksiyasının bərpasına yönəldilir.
Onun sözlərinə görə, qida zəhərlənmələrinə vaxtında müdaxilə olunmasa, (xüsusən uşaqlarda, yaşlı şəxslərdə, xroniki xəstəliyi olan insanlarda) ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Qida zəhərlənmələri zamanı ən təhlükəli hallardan biri botulizm hesab olunur. “Clostridium botulinum” adlı bakteriyanın neyrotoksik təsirli toksini olan botulotoksinin törətdiyi zəhərlənmə zamanı insanın sinir sisitemi zədələnir, əzələlər iflic olur və ən təhlükəlisi proqressivləşən kəskin tənəffüs çatışmazlığı yaranır ki, bu da ölümlə nəticələnə bilər. Belə hallarda xəstəyə vaxtında “botulizm əleyhinə zərdab”ın vurulması ağır nəticələrin qarşısını almış olur.
Y.Abdiyeva deyib ki, qida zəhərlənmələrinin qarşısını almaq üçün bəzi tövsiyələrə əməl etmək - son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları, pasterizasiya edilməmiş süd və süd məhsullarından, tamlığı pozulmuş qablaşdırmada olan qidalardan istifadə etməmək, meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra yemək lazımdır. Ət, toyuq, balıq, süd kimi tez xarab olan məhsulları müvafiq müddətdə və temperaturda bişirmək, yeməkləri gündəlik olaraq, bişirmək, bişirilmiş yeməyi bir dəfədən artıq olmayaraq isidib istifadə etmək, yumurtanı bişirmədən öncə yumaq, yeməkləri hazırlayarkən, bişirərkən, süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.