Araşdırmalar göstərir ki, yuxudan oyandıqdan sonrakı 1 saat ərzində mütləq səhər yeməyi yemək lazımdır. Çünki orqanizm 10-12 saatdan çox ac qaldıqda bir sıra sağlamlıq problemləri baş verə bilər. Səhər yeməyi bədənə enerji verir, gün ərzində özünüzü gümrah hiss etməyinizə səbəb olur. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, səhər yeməyinin orqanizm üçün əsas 5 faydası var:
İdeal çəkidə qalmağı təmin edir
Əgər gün ərzində xərclədiyimiz enerji miqdarı qəbul etdiyimiz kaloridən çox olarsa, arıqlamağa başlayarıq. Ona görə də insanların çoxu gün ərzində aldıqları kalori miqdarını azaltmaq məqsədi ilə səhər yeməyindən imtina edirlər. Ancaq bu tamamilə səhv addımdır. Çünki səhər yeməyi yeməyənlər gün ərzində özlərini halsız hiss etdikləri üçün hərəkət etməyə meylli olmurlar. Bu da onların daha az kalori xərcləmələri ilə nəticələnir. Üstəlik uzun müddət ac qalan orqanizm günorta və axşam yeməyində yeyilən bütün qidaları yağa çevirərək ehtiyat toplayır. Bu da kökəlməyə səbəb olur.
İnfarkt riskini azaldır
Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar səhər yeməyi yeməyənlərin infarkt keçirmək və ürək xəstəliklərinə yaxalanmaq riskinin daha yüksək olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticəsinə görə, səhər yeməyi yeyənlərdə infarkt riski 27 faizə qədər azalır. Tədqiqatçılar səhər yeməyindən imtina etdikdə qan təzyiqinin və qandakı şəkər səviyyəsinin tarazlığının pozulduğunu və buna görə də infarkt riskinin artdığını vurğulayırlar.
Yaddaşı gücləndirir
Tədqiqatlar göstərir ki, səhər yeməyi yeyənlərdə diqqət artır, yaddaş güclənir. Səhər yeməyi orqanizmi beyin üçün lazımlı enerji ilə təmin etdiyi üçün insanın öyrənmə qabiliyyəti artır.
Şəkər xəstəliyinin qarşısını alır
2013-cü ildə aparılan araşdırma sübut edib ki, səhər yeməyi yeyənlərin şəkər xəstəliyinə yaxalanma riski azalır. 46 min 289 qadının iştirak etdiyi araşdırma zamanı məlum olub ki, səhər yeməyindən imtina edənlərdə qlikozanın və insulinin nisbəti pozulduğu üçün şəkər xəstəliyinə meyillilik yaranır.
Tox saxlayır
Səhər yeməyi yeyənlər gün ərzində daha az kalori qəbul edirlər. Səhər yeməyi tox saxladığı üçün günorta vaxtı az yeyir və qəlyanaltılarda şirniyyat yemək ehtiyacı azalır.
Qeyd edək ki, bütün bu dediklərimiz sağlam qidalardan təşkil edilmiş səhər yeməyi üçün keçərlidir. Səhər yeməyində şirniyyat və yağlı qidalar yeməkdən çəkinin. Onun əvəzinə bütöv dənli undan hazırlanmış çörək, pendir, yumurta, pomidor, xiyar, zeytun və qoz yeyə bilərsiniz. Əgər işə tələsirsinizsə və səhər yeməyi hazırlamağa vaxtınız yoxdursa, 1 stəkan südü 1 neçə qaşıq müsli ilə qarışdırıb yeyin. Yanında isə 1 ədəd meyvə yeməyi unutmayın.