60 yaşdan yuxarı insanlar müntəzəm olaraq qaragilə, çiyələk, moruq, böyürtkən və çaytikanı yeməlidirlər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mariyat Muxina danışıb.
O bildirib ki, giləmeyvənin tərkibində çoxlu miqdarda vitamin, mineral və antioksidant var:
"Xüsusilə qaragilə orqanizm üçün çox faydalıdır. Tərkibində güclü antioksidant xüsusiyyətlərə malik olan antosiyaninlər var. Bundan əlavə, giləmeyvə koqnitiv funksiyanı yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır, göz və ürək-damar sağlamlığı üçün də əvəzolunmazdır”.
Diyetoloqun sözlərinə görə, çiyələyin də faydası yaşlılar üçün az deyil:
"Bu giləmeyvə immun sistemini gücləndirən C vitamini ilə zəngindir. Tərkibindəki flavonoidlər sayəsində yaddaşı və beyin fəaliyyətini yaxşılaşdırır, antioksidanlar isə dərini sağlam saxlayır".
Muxina qeyd edib ki, moruqda da ürək-damar sisteminin fəaliyyətinə faydalı təsir göstərən maqnezium və həzmi yaxşılaşdıran lif çoxdur.
“Böyürtkən isə sümük sağlamlığı üçün vacib olan K vitamini ilə zəngindir. Tərkibində iltihabı azaltmağa kömək edən polifenollar var. Giləmeyvə həm də beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırmağa kömək edir”, - deyə həkim əlavə edib.
Onun sözlərinə görə, çaytikanı da yaşlılar üçün vacibdir, çünki xolesterinin səviyyəsini aşağı salmağa kömək edir, görmə və dəri üçün faydalı olan A və E vitaminləri ilə zəngindir, tərkibində selikli qişanı qoruyan omeqa-7 yağ turşuları mövcuddur.
Lakin mütəxəssis xəbərdarlıq edib ki, giləmeyvə bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər. Allergiyaya meyilli olmayanlara isə diyetoloq gündə 2-3 kasa giləmeyvə yeməyi məsləhət görüb.