Gündəlik həyatda yeməklərin artıq qalması çox normal haldır. Lakin bu qidaların düzgün saxlanmaması zəhərlənmə, dad və keyfiyyət itkisi ilə nəticələnə bilər. Artıq yeməkləri soyuducuda doğru şəkildə saxlamaq həm israfın qarşısını alır, həm də sağlamlığımızı qoruyur.

Foodinfo.az xəbər verir ki, isti yeməkləri birbaşa soyuducuya qoymaq temperatur fərqinə görə bakteriya çoxalmasına və soyuducunun iç temperaturunun pozulmasına səbəb ola bilər. Yeməyi 1–2 saat ərzində otaq temperaturunda soyutmaq və sonra qablaşdırmaq lazımdır.

Qalan yeməkləri şüşə və ya plastik qapaqlı qablar içində saxlamaq ən təhlükəsiz üsuldur. Streç plyonka və ya folqa da istifadə edilə bilər, amma qapaqlı qablar həm təmiz, həm də qoxuların yayılmasının qarşısını alır. 

Ət və souslu yeməklər maksimum 2–3 gün, düyü və makaron 3–4 gün, tərəvəz yeməkləri isə 4 günə qədər soyuducuda saxlanıla bilər. Əgər bu müddətlər keçibsə, qidaların görünüşü və qoxusu dəyişməsə belə istehlak edilməməlidir.

Qidaların üstünə saxlandığı tarixi qeyd etmək nə zaman istifadə olunmalı olduğunu izləməyə kömək edir. Bu, unudulan yeməklərin soyuducuda uzun müddət qalıb korlanmasının qarşısını alır.

Əgər bir neçə gün ərzində istifadə etməyəcəyiniz yeməklər varsa, onları dondurmaqla ömrünü uzatmaq mümkündür. Lakin dondurulmuş yeməkləri yalnız bir dəfə əritmək və dərhal istifadə etmək lazımdır.

Yeməkləri yenidən istifadə edərkən yüksək temperaturda qızdırmaq bakteriyaların məhv edilməsinə kömək edir. Xüsusilə ət və souslu yeməklər üçün bu çox önəmlidir.