Şəkərsiz saqqızlar çoxlarına günahsız görünə bilər, lakin onların tərkibindəki süni şirinləşdiricilər müxtəlif fəsadlara səbəb ola bilər. Bu məhsullarda adətən ksilitol, sorbitol və aspartam kimi maddələrdən istifadə olunur.

Foodinfo.az bildirir ki, bu maddələrdən xüsusilə sorbitol mədə-bağırsaq sistemində həzm pozuntuları yarada bilər. Daimi istifadə bağırsaqlarda qaz toplanmasına, şişkinliyə və ishala səbəb ola bilər. Süni şirinləşdiricilər beyinə saxta şirinlik siqnalları göndərərək iştahı artıra bilər. Bu isə əks-təsir yaradaraq daha çox yeməyə meyil formalaşdırır. Bəzi tədqiqatlar göstərir ki, şəkərsiz saqqız çeynəmək tüpürək ifrazını artıraraq ağız boşluğunda pH səviyyəsini dəyişə bilər.

Bu isə uzunmüddətli dövrdə diş minasında həssaslıq və eroziya riski yaradır. Eyni zamanda, davamlı çeynəmə çənə əzələlərində gərginlik və temporomandibulyar oynaqlarda ağrıya səbəb ola bilər. Qastroenteroloqlar xəbərdarlıq edirlər ki, bəzi insanlarda şəkərsiz saqqız maddələrinin allergik reaksiyalar doğurma ehtimalı da mövcuddur.

Saqqız çeynəmək mədə turşusunun ifrazını artıraraq qastrit və reflüks kimi problemləri də şiddətləndirə bilər. Buna görə də bu cür məhsulların gündəlik və nəzarətsiz istifadəsi tövsiyə edilmir.