Ayaq şişməsi əsasən maye yığılması ilə ortaya çıxır. Bu vəziyyət şiş adlandırılır və bədəninizdəki hüceyrələr arası boşluqlarda maye yığılması ilə meydana gəlir.

Foodinfo.az-ın məlumatına görə, Aztibb.az xəbər verir ki, kardioloq İlqar Tahiroğlu ayaq şişlərinin bir çox səbəblərini sadalayıb: "Şişən bölgə daha əvvəl zədə almış ola bilər. Həmçinin bəzi tip dərmanlar və bir sıra sağlamlıq problemləri də şişə səbəb olur. Nəzərə almaq lazımdır ki, ayaq şişməsinin müalicəsini aparmazdan öncə onun hansı səbəbdən yarandığını dəqiq bilmək lazımdır".

Həkim qeyd edib ki, ayaq axşamüstü şişirsə, ürəyinizin sağ tərəfində ürək çatışmazlığı ola bilər. Bu ayağınızda su və duz yığılmasına yol açır. Böyrəkləriniz də düzgün işləməsə mayenin bədəninizdə qalmasına və ayağınızın şişməsinə səbəb olur.

Kardioloqun sözlərinə görə, ayaqda şişmə ilə birlikdə iştahsızlıq, kilo artımı, sinədə ağrı, təzyiq, gərginlik və yorğunluq görülməyə başlasa təcili tibbi müdaxilə edin.

Ayaq damarlarında qan laxtası olarsa ürəyiniz geri gəlməli olan qanı kifayət miqdarda toplaya bilmir və bu vəziyyət də ayağın şişməsinə yol açır: "Qan laxtaları dərində də ola bilər (dərin damar laxtaları), səth də ola bilər (dərinin altında). Bu iki növ qan laxtası olduqları bölgədə sərbəst qalaraq ağciyər və ya ürəyə doğru hərəkət edərlərsə ölüm halı baş verə bilər".

Kardioloq ayaqlarda şişin infeksiyaya yoluxma riskinə yol aça biləcəyini də deyib: "Ayaq sinirlərində problem və ya şəkərdən ortaya çıxan sinir xəstəliyiniz varsa infeksiyaya yoluxma ehtimalı yüksəkdir. Şişən ayaq infeksiyaya yoluxmuş kimi görünürsə təcili tibbi yardım lazımdır".

Digər bir səbəb damar çatışmazlığıdır ki, bu halda ürək ayaq damarındakı qanı kifayət miqdarda yığa bilmir: "Normalda damarlar tək istiqamətli klapanlar sayəsində qanı yuxarı doğru aparır. Bu klapanlar zərər çəkir və ya gücsüzləşərsə damarlardakı qan geriyə doğru sızmağa başlayır və ayaqdakı yumşaq toxumalarda yığışaraq şişməyə səbəb olur. Xroniki damar çatışmazlığı dəri yarasına, dəridə dəyişikliklərə və infeksiyaya səbəb ola bilər".