Alimlər müəyyən ediblər ki, Azheimer xəstəliyinin 90 faizdən çox halları böyük ehtimalla yalnız bir genin — APOE geninin iştirakı ilə bağlıdır. Araşdırmaya əsasən, bu genin təsiri olmasaydı, xəstəliyin əksər halları ümumiyyətlə ortaya çıxmaya bilərdi. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, bu nəticəyə London Universitet Kollecinin alimləri gəlib və tədqiqatın nəticələri npj Dementia elmi jurnalında dərc olunub.

Məlumata görə, APOE geni apolipoprotein E adlı zülalı kodlaşdırır və onun üç əsas forması mövcuddur — ε2, ε3 və ε4. Hər bir insan bu genin iki nüsxəsini irsən alır və nəticədə altı mümkün birləşmə formalaşır. Hələ 1990-cı illərdə ε4 variantının Azheimer xəstəliyinin riskini kəskin şəkildə artırdığı, ε2-nin isə qoruyucu təsir göstərdiyi məlum idi. ε3 variantı isə uzun müddət neytral hesab olunurdu.

Yeni araşdırma göstərib ki, bu yanaşma düzgün olmayıb. Tədqiqatın aparıcı müəllifi, London Universitet Kollecinin psixiatriya bölməsinin və həyat boyu sağlamlıq araşdırmaları mərkəzinin nümayəndəsi Dilan Uilyams bildirib ki, Azheimer hallarının əhəmiyyətli hissəsi təkcə ε4 olmadan deyil, eyni zamanda “adi” sayılan ε3 variantı olmadan da baş verməzdi.

Alimin sözlərinə görə, həm ε3, həm də ε4 variantlarının təsiri birlikdə nəzərə alındıqda, APOE geninin demək olar ki, Azheimer xəstəliyinin bütün hallarında rol oynadığı aydın olur. Bu isə xəstəliyin qarşısının alınması və müalicəsi üçün yeni imkanlar yaradır.

Araşdırma APOE geninin demensiya riskinə təsirini qiymətləndirən ən genişmiqyaslı modelləşdirmə hesab olunur. Alimlər 450 mindən çox insanın iştirak etdiyi dörd böyük tədqiqatın məlumatlarını birləşdiriblər. Bu, iki ε2 nüsxəsinə malik olan nadir insanların minimal risk nümunəsi kimi istifadə edilməsinə şərait yaradıb.

Təhlillər göstərib ki, Azheimer xəstəliyinin 72–93 faizi ε3 və ε4 variantlarının təsiri olmadan yaranmazdı. Ümumilikdə isə demensiya hallarının təxminən 45 faizi bu genlə əlaqələndirilir. Əvvəlki araşdırmalarda ε3 variantının rolu nəzərə alınmadığı üçün bu göstəricilər daha aşağı qiymətləndirilirdi.

Alimlər APOE geninin gələcəkdə yeni dərmanların hazırlanmasında əsas hədəf olmalı olduğunu vurğulayırlar. Onların fikrincə, gen terapiyası və molekulyar farmakologiya sahəsindəki müasir nailiyyətlər bu genə birbaşa təsir göstərməyə və ya onun beyin zədələnməsi ilə əlaqəli mexanizmlərinə müdaxilə etməyə imkan verir. Eyni zamanda qeyd olunur ki, ən yüksək genetik riskə malik, yəni APOE ε4 variantının iki nüsxəsini daşıyan insanlarda belə, Azheimer xəstəliyinin ömür boyu yaranma ehtimalı 70 faizi keçmir. Bu isə həyat tərzi, ürək-damar sağlamlığı, sosial aktivlik və ətraf mühit kimi amillərin də mühüm rol oynadığını göstərir.