Azərbaycana şəkər tozu daha çox Ukraynadan idxal olunur
"Bir neçə ay bundan öncə pərakəndə ticarət şəbəkələrində satılan şəkər tozunun 1 kiloqramının qiyməti 1,40 manat idisə, hazırda həmin ərzağın kiloqramı 0,95 manata satılır".
Bu barədə Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov məlumat verib.
İdarədə hesab edirlər ki, Samux rayonunda becərilən şəkər çuğundurunun istehsalındakı artım ölkə üzrə mağazalarda satılan qənd və şəkər tozunun qiymətində ucuzlaşma yaradıb.Gündüz Bayramov bildirib ki, ötən il Samux rayonundakı təsərrüfatlardan 53,4 min ton şəkər çuğunduru istehsal edilib və emal üçün İmişli şəkər zavoduna göndərilib.
Ötən il 1194 hektar ərazidən 43,1 min ton şəkər çuğundurunun toplandığını deyən G. Bayramov qeyd edib ki, bu, əvvəlki ilin məhsuldarlığı ilə müqayisədə 10,3 min ton çoxdur.
Qeyd edək ki, Azərbaycanda şəkər tozunun istehsalçısı "Azərsun Holdinq"dir. Ötən il holdinqə məxsus İmişli Şəkər Zavosunda istehsal kəskin aşağı düşüb, şəkər tozu bazarının xeyli hissəsi idxalçı şirkətlərin nəzarətinə keçib. İdxal şəkər tozu yerli şəkər tozu ilə təxminən eyni qiymətə satılırdı.
"Marja.az"ın müxbirinin verdiyi məumata görə, bu səhər "Bazarstore"arda şəkər tozunun 1 kiloqramı 0,99 qəpiyə satılır. "Bazarstore" mağazalar şəbəkəsi şəkər tozu istehsalçısı olan "Azərsun Holdinq"ə məxsusdur.
5 kiloqramlıq qabaşdırmada satılan "Azərşəkər" markalı şəkər tozunun qiyməti isə 5.79 manatdan 5.24 manata düşüb.
Azərbaycanın iri qida məhsulları idxalçısı "Veysəloğlu Qrupu"na daxil olan "Araz" supermarketlərində isə şəkər tozunun kiloqramı 96 qəpikdən təklif olunur. "Araz" supermarketlərində satılan şəkər tozu idxal məhsulu olaraq bilinir. Beləliklə, şəkər tozu "Araz"larda "Bazarstore"lardan ucuz satılır.
Azərbaycana şəkər tozu daha çox Ukraynadan idxal olunur.
Foodinfo.az