“Şəkərli diabet xəstələri, yüksək təzyiq, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz”. Foodinfo.az xəbər verir ki, nu sözləri professor, tibb elmləri namizədi, tibb üzrə ekspert Adil Qeybulla Bakupost.az -a açıqlamasında deyib. Həkim Ramazan ayı ilə bağlı vacib tövsiyələr verib: “Orucluq insanın öz nəfsinə nəzarət prosesidir. Bu prosesdə söhbət təkcə qidalanma rejimindən yox, öz nəfsinə, instinktlərinə nəzarətdən gedir. İnsan orucluq vaxtı pəhriz rejiminə keçir və bir müddət əvvəlki qida rejimindən imtina edir. İmsak və iftar vaxtlarında qida tədricən qəbul edilməlidir. İlk olaraq maye ilə başlanmalıdır. Adətən, yarım stəkan isti su və xurma istifadə olunur. Gün ərzində ac qalmış mədəyə ilıq şəkildə az-az qida qəbul etmək lazımdır. Mədəni qıcıqlandırmayan, duz və istiotsuz qidaları qəbul etmək gərəkdir. Orucluq dövründə qida qəbulunun intensivliyini aşağı salmaq yaxşı olar. Orqanizmdə yaranan ekstremal vəziyyət, depolaşmış piylərin mobilizasiyasına imkan verir. Bu da orqanizmin sağlamlıq göstəricilərinə kömək edir. İftar vaxtında qəbul olunan qidalardan bəzi insanlar sui-istifadə edirlər. Bu da həm ümumi sağlamlığa, həm mədə-bağırsaq sisteminə neqativ təsir göstərir. Oruc ibadəti zamanı riskli qruplardan biri də şəkərli diabeti olan insanlardır. Şəkərli diabet xəstələri, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz. Əgər oruc tutmaq şəxsin səhhətinə ziyan vermirsə və sağlamlıq baxımından ciddi bir problem yoxdursa, o zaman oruc tuta bilər. Oruc tutmaq siqareti, alkoqolizmi buraxmaq, bu kimi zərərli vərdişlərdən uzaqlaşmaq üçün də bir fürsət ola bilər. Pəhriz rejiminə əməl etməmək, sahuru unutmaq, iftarı gecikdirmək, yaxud iftarda artıq qida qəbul etmək, az su içmək, qan şəkərini təqib etməmək, dərman qəbulunu öz bildiyi kimi tənzimləmək və s. Ramazan ayı boyunca ən çox buraxılan xətalardandır”.