
Dağınıq skleroz (DS) həkimlər arasında çox vaxt “min üzü olan xəstəlik” adlanır. Bunun səbəbi, xəstəliyin ilk mərhələdə özünü çox müxtəlif və qeyri-spesifik simptomlarla göstərməsidir. Çox zaman bu əlamətləri yorğunluq, stress və ya yüngül sinir pozuntusu ilə qarışdırmaq mümkündür. Foodinfo.az xəbər verir ki, halbuki vaxtında diqqət edilsə, xəstəliyin inkişafını ləngitmək olar.
Görmə ilə bağlı dəyişikliklər
Nevroloqların sözlərinə görə, ilk simptomlardan biri görmə pozuntuları ola bilər. Təxminən hər dörd xəstədən birində belə hallar müşahidə olunur:
birdən-birə bir gözdə görmənin zəifləməsi,
göz hərəkət etdirilərkən ağrı,
göz önündə “pərdə” və ya “qara ləkə”nin yaranması.
Bunlar görmə sinirinin iltihabı – optik nevritin əlamətləridir və diqqətdən qaçmamalıdır.
Bədənin qeyri-adi hissləri
DS-in başlanğıc mərhələsində tez-tez karıxdırıcı hisslər meydana çıxır:
ətraflarda uyuşma və ya iynə-batırma hissi,
dəri üzərində səbəbsiz yanma və ya qaşınma,
barmaqlarda, üzün yarısında və ya ayaqlarda donma hissi.
Bu əlamətlər keçici olsa da, təkrarlandıqda ciddi xəbərdarlıq siqnalı sayılır.
Hərəkət pozuntuları və yorğunluq
Xəstəliyin digər erkən göstəriciləri bunlardır:
qəfil zəiflik – məsələn, bir fincanı saxlamaqda çətinlik,
yerişdə yüngül “sərxoşluq” effekti, balansın pozulması,
kiçik hərəkətlərdə çətinlik – düymə bağlamaq, yazmaq, qaşıq saxlamaq,
“səbəbsiz” daimi yorğunluq, xüsusən səhərlər ayaqlarda “ağırlıq”.
Əlavə əlamətlər
Bəzi hallarda xəstəlik daha fərqli siqnallarla da özünü büruzə verir:
başgicəllənmə, xüsusilə mövqeyi dəyişərkən,
qısa müddətli sidik saxlaya bilməmə və ya əksinə, gecikmə,
diqqətin dağılması, yaddaş boşluqları, fikri toplamaqda çətinlik.
Nə vaxt həkimə müraciət etməli?
Mütəxəssislərin fikrincə, əgər bu əlamətlər təkrar-təkrar baş verirsə və bədəndə “gəzən” xarakter daşıyırsa – bu gün əl, sabah ayaq, bir ay sonra üz – onda mütləq nevroloqa müraciət edilməlidir. Çünki dağınıq sklerozun əsas təhlükəsi də məhz gizli və tədricən irəliləməsindədir.
Dağınıq skleroz gənc yaşlarda – çox vaxt 20–40 arası insanlarda başlayır və həyat keyfiyyətinə ciddi təsir göstərir. Erkən diaqnoz isə xəstəliyin sürətlə ağırlaşmasının qarşısını ala və xəstəyə illərlə aktiv həyat bəxş edə bilər.
Nevroloqlar tövsiyə edir: “Bədəninizin verdiyi kiçik siqnalları belə qiymətləndirin. Uşaqlıqdan alışdığımız “yorğunluq keçəcək” yanaşması bu halda təhlükəli ola bilər.”