
Dəridəki quruluq çox yayılmış bir problemdir və bir çox fərqli səbəbdən qaynaqlana bilər. Bəzən sadəcə mühit və qidalanma ilə bağlı olur, bəzən isə daha ciddi sağlamlıq problemlərinin əlamətidir.
Foodinfo.az dəri quruluğunun ən geniş yayılmış 10 səbəbini təqdim edir:
1. Qış və soyuq hava
Soyuq havada nəmlik azalır, isti otaqlarda isə radiatorlar havanı daha da qurutur. Bu da dəridə nəm itkisinə səbəb olur.
2. Az su içmək
Bədənin susuz qalması birbaşa dəridə özünü göstərir. Yetərli miqdarda su içməmək dərini quru və solğun edir.
3. Sabunlar və duş gelləri
Kimyəvi tərkibli sabunlar dərinin təbii yağ təbəqəsini aradan qaldırır və dərini qurudur.
4. Çox isti suyla yuyunmaq
İsti su dərinin qoruyucu lipid qatını məhv edir. Tez-tez və uzun müddətli isti duş almaq quruluğu artırır.
5. Dəridə nəm qoruyucunun olmaması
Duşdan sonra nəmləndirici krem istifadə etməmək, dərinin öz-özünə qurumasına səbəb olur.
6. Qida çatışmazlığı
Əsasən A, E və Omeqa-3 yağ turşuları çatışmazlığı dərini qurudur.
7. Yaş artımı
Yaşlandıqca dəri daha az yağ və kollagen istehsal edir. Bu da təbii olaraq quruluğa səbəb olur.
8. Atopik dermatit, ekzema və s. dəri xəstəlikləri
Əgər quruluqla yanaşı qaşıntı, qızartı və pullanma da varsa, dəri xəstəliyi ola bilər.
9. Diabet və ya qalxanabənzər vəz problemləri
Bəzi metabolik xəstəliklər (xüsusilə hipotireoz və şəkərli diabet) dərinin qurumasına səbəb olur.
10. Dərmanlar
Bəzi dərmanlar (məsələn, sızanaq üçün olan preparatlar, sidikqovucular, allergiya dərmanları) dərini quruda bilər.
Bəs nə etməli?
- Gün ərzində ən az 6–8 stəkan su için
- Duşdan sonra dərhal nəmləndirici krem istifadə edin
- Sərt sabun və isti sudan uzaq durun
- Balıq, qoz, zeytun yağı kimi Omeqa-3 zəngin qidalar yeyin
- Quru mühitlərdə hava nəmləndirici cihaz istifadə edin
- Əgər quruluq uzun müddət keçmirsə, dermatoloqa müraciət edin