Ultra emal olunmuş qidalar (məsələn: cips, kolbasa, hazır yeməklər, qazlı içkilər, şirin peçenyelər və s.) təkcə bədənə deyil, beyinə də zərər verir. 

Foodinfo.az xəbər verir ki, bu qidalar çox miqdarda şəkər, duz, trans yağ, dadlandırıcı və qatqı maddələri ilə doludur. Beynin sağlam işləməsi üçün isə təmiz, qidalı maddələr lazımdır.

Foodinfo.az ultra emal olunmuş qidaların beyinə 5 əsas zərərini təqdim edir:

1. Yaddaş zəifləyir

Bu cür qidalar beyin hüceyrələri arasında əlaqəni zəiflədir. Xüsusilə hipokamp adlı yaddaş mərkəzinə təsir edərək unutqanlıq və diqqət pozğunluğu yaradır.

2. Depressiya və narahatlıq artır

Tədqiqatlar göstərir ki, bu qidaları tez-tez yeyən insanlarda ruhi pozğunluq riski artır. Çünki bu qidalar beyində serotonin və dopamin səviyyələrini pozur – bu maddələr bizim əhvalımıza birbaşa təsir edir.

3. Asılılıq yaradır

Ultra emal olunmuş qidalar beynin “mükafat” sistemini həddindən artıq stimullaşdırır. Yəni insan bu qidalardan doymur, daha çox istəyir – bu da qida asılılığına gətirib çıxarır.

4. Beyin iltihabı yarada bilər

Bu qidalar iltihabəleyhinə deyil, əksinə iltihabı artıran maddələrlə zəngindir. Uzun müddət bu vəziyyət beyin hüceyrələrinə zərər verə bilər, xüsusilə Alzheimer və Parkinson kimi xəstəliklərə zəmin yaradır.

5. Uşaq və yeniyetmələrin beyin inkişafını ləngidir

Çox şəkər və qatqı qəbul edən uşaqlarda öyrənmə çətinliyi, konsetrasiya pozuntusu və emosional qeyri-sabitlik müşahidə oluna bilər.