Tanınmış endokrinoloq, tibb elmləri doktoru Züxra Pavlova bildirib ki, xüsusilə tünd kişmişin qəbulu qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bir çox insan bal və quru meyvələri diabet xəstələri üçün təhlükəsiz alternativ hesab etsə də, bu yanaşma səhvdir.

Həkim vurğulayıb ki, kişmiş qəbulundan təxminən iki saat sonra qanda qlükoza səviyyəsi aşağı düşə bilər. Lakin bu proses qida məhsulunun təsiri ilə deyil, orqanizmin çox miqdarda insulin ifraz etməsi nəticəsində baş verir.

Pavlova bildirib ki, əslində şəkərin səviyyəsini tənzimləyən quru meyvə deyil, bədənin özü tərəfindən ifraz olunan insulin hormonudur. Bu səbəbdən diabet xəstələrinin və şəkər risk qrupunda olanların quru meyvələri nəzarətsiz şəkildə qəbul etməsi təhlükəli ola bilər.

Mütəxəssis əlavə edib ki, balanslı pəhriz və həkimlə məsləhətləşmə olmadan belə məhsulları gündəlik rasiona daxil etmək düzgün deyil. Onun sözlərinə görə, quru meyvələrin faydaları danılmazdır, lakin onları şirniyyat əvəzi düşünmədən qəbul etmək sağlamlıq üçün risklidir.