Bir çox insan çəki itirməyə fokuslanarkən əzələ kütləsinin azalmasını ciddi problem kimi qiymətləndirmir. Halbuki əzələ itkisi (sarkopeniya) təkcə fiziki zəiflik deyil, ümumi sağlamlıq üçün ciddi risklər yaradır.

Foodinfo.az xəbər verir ki, əzələlər bədənin əsas enerji və güc mənbəyidir. Əzələ kütləsi azaldıqda maddələr mübadiləsi yavaşlayır. Bu isə yağlanmanın artmasına, çəkinin daha asan geri qayıtmasına səbəb olur.

Əzələ itkisi immun sistemini zəiflədir. Əzələlər orqanizmin bərpa və müdafiə proseslərində mühüm rol oynayır. Əzələ azaldıqca infeksiyalara qarşı müqavimət də aşağı düşür.

Digər ciddi risk isə yıxılma və sınıq ehtimalının artmasıdır. Xüsusilə orta yaşdan sonra əzələ itkisi tarazlığı pozur, gündəlik hərəkətləri çətinləşdirir və yaşlılıqda asılılıq riskini yüksəldir.

Əzələ kütləsinin azalması qan şəkəri balansına da mənfi təsir edir. Əzələlər qlükozanın istifadəsində əsas rol oynadığı üçün əzələ itkisi insulin müqavimətini və 2-ci tip diabet riskini artıra bilər.

Dietoloqlar bildirir ki, sürətli və nəzarətsiz pəhrizlər, xüsusilə çox aşağı kalorili və protein azlığı olan diyetlər əzələ itkisini sürətləndirir. Hərəkətsiz həyat tərzi də bu prosesi daha da dərinləşdirir.

Sağlam arıqlama və ümumi sağlamlıq üçün təkcə çəkiyə deyil, əzələ kütləsinin qorunmasına da diqqət yetirilməsini tövsiyə edilir. Kifayət qədər protein qəbulu, müntəzəm fiziki aktivlik və balanslı qidalanma əzələ itkisinin qarşısını almağın əsas yolları hesab olunur.