Qış aylarında açıq havada müntəzəm gəzintilər orqanizmin müdafiə mexanizmlərinin güclənməsinə müsbət təsir göstərir. Foodinfo.az xəbər verir ki, DDX Fitness fitnes məşqçisi Artyom Opalnitski “Çempionat”a açıqlamasında aşağı temperaturun qısa müddətli təsiri və təmiz havada hərəkətin immun sistemi aktivləşdirdiyini bildirib.
Mütəxəssisin sözlərinə görə, müntəzəm gəzintilər bədənin temperatur dəyişikliklərinə uyğunlaşma qabiliyyətini artırır. Bu proses nəticəsində soyuqdəymə və digər mövsümi xəstəliklərə yoluxma riski azalır. Eyni zamanda orqanizmin ümumi dözümlülüyü yüksəlir və enerji səviyyəsi sabitləşir.
Opalnitski vurğulayıb ki, soyuqda həddindən artıq uzun müddət qalmaq əks təsir göstərə bilər. Buna görə də üşüməmək əsas şərtdir. Onun tövsiyəsinə görə, ideal qış gəzintisi 30–40 dəqiqə ərzində, orta tempdə olmalıdır. Geyim isə elə seçilməlidir ki, nə tərləmə, nə də üşümə baş versin.
Ekspert əlavə edib ki, qış gəzintiləri təkcə immuniteti deyil, həm də əhval-ruhiyyəni, qan dövranını və yuxu keyfiyyətini yaxşılaşdırır. Mütəmadi olaraq açıq havada vaxt keçirmək ümumi sağlamlıq və psixoloji rahatlıq üçün vacib vərdişlərdən biri hesab olunur.






