Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Foodinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 4-də gün ərzində ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, bəzi yerlərdə xüsusilə şiddətlənəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”