Dilin ağarması bir çox səbəbə görə baş verə bilər. Bunlara vitamin çatışmazlığı, ağız gigiyenasına diqqət yetirilməməsi, tütün məmulatlarından istifadə, kifayət qədər meyvə və tərəvəz istehlak edilməməsi kimi amillər daxildir.
Dilin ağarması və vitamin çatışmazlığı tez-tez bir-biri ilə əlaqəli olan şərtlərdir. Ağ dil adətən sadə bir ağız gigiyena problemi kimi özünü göstərir, lakin bəzi hallarda əsas səbəblər vitamin və ya mineral çatışmazlığı ola bilər.
Foodinfo.az-ın məlumatına görə, dildə ağlıq yaradan vitamin çatışmazlıqları arasında B qrupu vitaminləri əhəmiyyətli yer tutur. Vitamin B9 olaraq da bilinən fol turşusunun çatışmazlığı dildə və ağızda iltihaba səbəb olur, B12 vitamininin çatışmazlığı isə sinir sisteminin funksiyalarına və qan hüceyrələrinin formalaşmasına təsir göstərir. Bu çatışmazlıqlar dilin rənginin dəyişməsinə səbəb olur. Uzunmüddətli B12 çatışmazlığı dildə yanma hissi, dadın itirilməsi və ya dilin düzləşməsi kimi əlamətlərlə özünü göstərə bilər.
Dəmir çatışmazlığı anemiyası ağ dil ilə əlaqəli ola biləcək başqa bir vəziyyətdir. Dəmir hemoglobin istehsalı üçün kritik bir mineraldır və onun çatışmazlığı oksigenin daşınmasını çətinləşdirə və dil solğunlaşa bilər.
Dil ağarması riboflavin (vitamin B2) çatışmazlığının göstəricisi də ola bilər. Riboflavin orqanizmdə enerji istehsalı üçün lazımdır və onun çatışmazlığı ağızda yanma hissi və çatlar kimi əlamətlərə səbəb olur.
B3 çatışmazlığı Niacin (vitamin B3) çatışmazlığı ağızda və dildə dəyişikliklərə səbəb ola biləcək başqa bir vitamindir. Bu vitamin dəri sağlamlığı və həzm sisteminin funksiyaları üçün vacibdir və onun çatışmazlığı pellagra kimi tanınan bir vəziyyətə səbəb olur. Pellagra dəri dermatiti, ishal və hətta demans ilə xarakterizə olunan bir vəziyyətdir. Bu zaman rəng dəyişikliyi və dilin iltihabı müşahidə edilə bilər.
Bundan əlavə, sink çatışmazlığı immunitet sistemini zəiflədə və dildə ağ ləkələrin görünməsinə səbəb ola bilər. Sink hüceyrə bölünməsi və yaraların sağalması kimi bədən funksiyaları üçün vacibdir və onun çatışmazlığı dildə lezyonlara səbəb olur.
E vitamini antioksidan xüsusiyyətlərinə görə orqanizm üçün vacibdir və onun çatışmazlığı hüceyrə zədələnməsinə səbəb ola bilər. E vitamini çatışmazlığı səbəbindən ağızdakı hüceyrələr zədələnə və bu, dildə ağlıq və ya lezyonlar kimi əlamətlərə səbəb ola bilər.
Bununla belə, vitamin çatışmazlığı həmişə ağ dilin yeganə səbəbi ola bilməz. Ağız gigiyenasının qeyri-kafi olması, tütün və spirt istifadəsi, bəzi dərmanların yan təsirləri də dilin ağarmasında təsirli ola bilər.
Hər hansı bir vitamin çatışmazlığından şübhələnirsinizsə, həkimə müraciət etməli və lazımi testlərdən keçməlisiniz. Bundan əlavə, dil ağarması zamanı səbəbindən asılı olmayaraq, müntəzəm ağız gigiyenası və balanslaşdırılmış pəhriz bu vəziyyəti idarə etmək üçün vacib addımlardır.