Piylənmə yalnız estetik bir problem deyil, eyni zamanda ciddi tibbi risklərə yol açan sağlamlıq durumudur. Dünya Səhiyyə Təşkilatına görə artıq çəki və piylənmə qlobal miqyasda xroniki xəstəliklərin əsas səbəblərindən biridir.

Bəs bu problem özü ilə hansı xəstəlikləri gətirir?

Foodinfo.az xəbər verir ki, piylənmə xolesterol səviyyəsini artırır, damar divarlarında yığıntılara səbəb olur və nəticədə hipertoniya, infarkt, insult riskini artırır. Artıq yağ toxuması ürəyə daha çox yük salır.

Piylənmə insulin müqavimətini artırır, bu da bədənin qlükozanı düzgün istifadə etməsinə mane olur. Nəticədə qan şəkəri yüksəlir və şəkərli diabet meydana gəlir. Xüsusilə qarın nahiyəsində yığılan yağlar bu riski daha da artırır.

Bu durum ağciyərlərə təzyiq edərək nəfəs almağı çətinləşdirir. Gecə saatlarında isə yuxuda nəfəsin dayanması (apne) problemi daha sıx görülür. Bu isə həm yuxu keyfiyyətini pozur, həm də ürək üçün təhlükə yaradır.

Artıq çəki oynaqlara da əlavə yük salır. Xüsusilə diz, bel və omba nahiyəsində ağrılar və artroz halları geniş yayılıb. 

Həmçinin piylənmə özünə güvən itkisi, sosial izolasiya, depressiya və narahatlıq pozuntuları ilə də əlaqələndirilir. Xüsusilə gənclər arasında psixoloji təsirləri daha güclüdür.