Market rəflərində çeşid-çeşid meyvə şirələri görsək də, bu içkilərin arxasında gizlənən sağlamlıq riskləri çox vaxt nəzərdən qaçırılır. “Təbii” və ya “100% meyvə” kimi təqdim olunsa da, bir çox paketlənmiş meyvə suyu şəkər, konservant və süni qatqılarla doludur.

Foodinfo.az xəbər verir ki, bu içkilər sağlamlığa ziyan verə biləcək bir sıra təsirlərə malikdir.

1. Şəkər miqdarı çox yüksəkdir

Bir stəkan meyvə şirəsində bəzən 5-6 çay qaşığına bərabər şəkər ola bilər. Bu da qan şəkərinin sürətlə yüksəlməsinə, insulin müqavimətinə və artıq çəkiyə səbəb olur. Uşaqlarda hiperaktivlik və enerji düşkünlüyü də yarada bilər.

2. Diş sağlamlığını zəiflədir 

Tərkibindəki turşular və şəkər diş minasını zədələyərək çürük riskini artırır. Xüsusilə uşaqlar üçün gündəlik istehlak uzunmüddətli diş problemlərinə yol açır.

3. Süni qatqılar və konservantlar 

Market şirələrinin raf ömrünü uzatmaq üçün kimyəvi konservantlar, rəngləndiricilər və aromalar əlavə edilir. Bu maddələr bəzi insanlarda allergiya, baş ağrısı və həzm pozğunluqları na səbəb ola bilər.

4. Lif baxımından kasaddır 

Təbii meyvənin sıxılaraq su halına gətirilməsi nəticəsində lif (posa) tərkibi azalır. Halbuki, liflər qanda şəkərin tənzimlənməsində və toxluq hissinin uzun müddət davam etməsində mühüm rol oynayır.

5. Sağlam seçim deyildir  

Bəzi insanlar bu şirələri “meyvə əvəzinə içirəm” deyə düşünür. Halbuki, 1 stəkan meyvə şirəsi içmək, 3-4 meyvənin təkcə şəkərini qəbul etmək deməkdir. Bu isə meyvənin faydalı tərəflərindən çox zərərlərini artırır.

Marketdə satılan meyvə şirələri zərərli vərdiş halını alarsa, sağlamlıq üçün təhlükə yarada bilər. Ən yaxşı seçim təzə meyvə yemək və ya evdə şəkərsiz, təbii meyvə suyu hazırlamaqdır. Sağlam içki istəyirsinizsə, ilıq suya limon, nanə və ya giləmeyvə əlavə edib içmək həm faydalı, həm də təravətləndirici alternativdir.