
Səhər yeməklərinin, salatların və qəlyanaltıların sevimlisi olan qaynadılmış yumurtanı bəzən qabığından ayırmaq əməlli-başlı çətinliyə çevrilir. Yumurta soyularkən qabığın ağ hissəyə yapışması və dağılması çoxlarını narahat edir.
Foodinfo.az xəbər verir ki, yumurtalar bişdikdən dərhal sonra buz kimi soyuq suya salınmalıdır. Bu, yumurtanın iç hissəsinin qabıqdan ayrılmasını sürətləndirir və qabığın daha asan soyulmasına səbəb olur. Hətta içinə bir neçə buz parçası atmaq daha effektiv nəticə verə bilər.
Yumurtanı qaynadarkən suya bir çay qaşığı duz və ya bir neçə damcı sirkə əlavə edin. Bu, yumurta ağının bərkidilməsinə kömək edir və çatlamış yumurtalardan ağın çıxmasının qarşısını alır, eyni zamanda qabığın soyulmasını da asanlaşdırır.
Yumurtanın həddindən artıq bişməsi qabığın içəridəki ağı daha sıx əhatə etməsinə səbəb olur.
Bişdikdən və soyuduqdan sonra yumurtanı bir səthə yüngülcə vurub çatladın, sonra isə əllə yüngülcə fırladın. Bu, qabığın yumurtadan ayrılmasına kömək edir. Daha sonra barmaqlarınızla qabığı zolaq-zolaq soyun.
Soyma zamanı yumurtanı soyuq suyun altında tutaraq soymaq qabıqları daha tez təmizləyir. Su, qabığın altına keçərək onu daha rahat ayırmağa kömək edir.