Qış mövsümünün başlaması ilə şəkər xəstələri üçün sağlamlıq riskləri arta bilər. Soyuq hava birbaşa diabetə səbəb olmasa da, qan şəkərinə nəzarəti çətinləşdirən bir sıra amilləri özü ilə gətirir. Bu səbəbdən diabeti olan şəxslərin qış aylarında daha diqqətli olması tövsiyə edilir.

Foodinfo.az xəbər verir ki, soyuq havalar orqanizmdə stress hormonlarının ifrazını artırır. Adrenalin və kortizol kimi hormonlar isə qan şəkərinin yüksəlməsinə səbəb olur. Xüsusilə fiziki aktivliyi az olan şəxslərdə bu təsir daha qabarıq hiss olunur.

Qış aylarında hərəkətin azalması insulin həssaslığını zəiflədir. Ev şəraitində daha çox vaxt keçirmək və açıq havada az hərəkət etmək qan şəkərinin tarazlığını poza bilər. Bununla yanaşı, soyuq mövsümdə qrip və digər infeksiyalara yoluxma riski də artır ki, bu da şəkər göstəricilərinin nəzarətdən çıxmasına səbəb ola bilər.

Diabeti olan şəxslərdə dəri quruluğu və yaraların gec sağalması probleminin qışda daha da gücləndiyi vurğulanır. Xüsusilə ayaqlarda yaranan çatlar infeksiya riskini artırdığı üçün xüsusi diqqət tələb edir.

İnsulin istifadə edən şəxslərə də xəbərdarlıq edilir. Çox soyuq şəraitdə saxlanılan insulin donaraq təsirini itirə bilər. Bu isə səbəbi bilinməyən şəkər yüksəlmələrinə yol aça bilər.

Qış aylarında qan şəkərinin daha tez-tez ölçülməsi, yüngül fiziki aktivliyin davam etdirilməsi, dərinin qorunması və həkim tövsiyələrinə əməl edilməsi şəkər xəstələri üçün xüsusilə vacibdir.