Son illər aparılan elmi araşdırmalar göstərir ki, qocalma prosesi təkcə yaşla deyil, hüceyrə səviyyəsində baş verən dəyişikliklərlə birbaşa bağlıdır. Bu dəyişikliklərin mərkəzində isə telomerlər dayanır. 

Foodinfo.az xəbər verir ki, düzgün qidalanma telomerlərin qorunmasına və daha sağlam yaşlanmaya kömək edir.

Telomerlər xromosomların uclarında yerləşən qoruyucu strukturlardır. Hər hüceyrə bölünməsi zamanı telomerlər bir qədər qısalır. Telomerlərin həddindən artıq qısalması erkən qocalma, immun zəiflik və xroniki xəstəlik riskini artırır.

Antioksidantlarla zəngin qidalar telomerləri qoruyan əsas amillərdəndir. Xüsusilə giləmeyvələr, nar, tünd yaşıl yarpaqlı tərəvəzlər və brokoli hüceyrələri oksidləşdirici stressdən qoruyur. Oksidləşdirici stress telomerlərin sürətlə qısalmasının əsas səbəblərindən biri hesab olunur.

Omeqa-3 yağ turşularının da telomer sağlamlığı üçün mühüm rol oynadığını vurğulayırlar. Qızılbalıq, sardina, kətan toxumu və qoz iltihabı azaldaraq hüceyrə yaşlanmasını ləngidir. 

Eyni zamanda zeytun yağı ilə zəngin Aralıq dənizi tipli qidalanmanın telomerlərlə müsbət əlaqəsi olduğu bildirilir.

Şəkər və ultra emal olunmuş qidalar telomer düşmənləri sırasında yer alır. Bu qidalar orqanizmdə xroniki iltihabı artıraraq hüceyrələrin daha tez qocalmasına səbəb olur. Buna görə də telomer dostu qidalanmada təbii, az işlənmiş qidalara üstünlük verilməlidir.

Telomer sağlamlığı təkcə qidalanma ilə məhdudlaşmır. Keyfiyyətli yuxu, stressin azaldılması və müntəzəm fiziki aktivlik telomerlərin qorunmasında qidalanma qədər önəmlidir.

Genetik faktorlar dəyişməsə də, telomer dostu həyat tərzi seçimi ilə qocalma prosesini ləngitmək və daha uzun, sağlam ömür sürmək mümkündür.