Baş ağrısı dünyanın ən çox rast gəlinən şikayətlərindən biridir. Foodinfo.az xəbər verir ki, tez-tez baş ağrısından əziyyət çəkən insanların bir hissəsində səbəb stress, yuxusuzluq və ya susuzluq olsa da, bəzi hallarda bu simptom ciddi xəstəliklərin əlaməti ola bilər.

ABŞ Nevrologiya Akademiyasının üzvü Dr. Elizabeth Loder “Harvard Gazette”yə açıqlamasında bildirib ki, migren və gərginlik tipli baş ağrıları ən geniş yayılmış formadır. Onun sözlərinə görə, davamlı və şiddətli ağrılar mütləq həkim müayinəsi tələb edir.

Loder vurğulayıb ki, çox vaxt baş ağrısı qan təzyiqi, göz zəifliyi, həddindən artıq kofein qəbulu və ya düzgün olmayan qidalanma ilə də bağlı olur. Əlavə olaraq, boyun və çiyin əzələlərinin gərilməsi də baş ağrısına səbəb ola bilər.

Mütəxəssislər insanların baş ağrısı gündəliyi aparmasını, yəni ağrıların nə vaxt, hansı şəraitdə baş verdiyini qeyd etməsini məsləhət görürlər. Bu metod həkimlərə diaqnozu dəqiqləşdirməkdə kömək edir.

Ekspertlərin fikrincə, mütəmadi baş ağrısı zamanı dərman qəbulunu mütləq həkim məsləhəti ilə aparmaq lazımdır.