Son illərdə sürətlə yayılan ketogenik pəhriz arıqlamaq və sağlam qidalanmaq istəyənlərin ən çox seçdiyi üsullardan biri halına gəlib. Ancaq mütəxəssislər bu pəhrizin düzgün tətbiq edilmədiyi halda sağlamlığa zərərli ola biləcəyini bildirirlər.

Foodinfo.az xəbər verir ki, bu qidalanma modelində gündəlik rasionun 70-75 faizi yağlardan, 20-25 faizi zülaldan, cəmi 5-10 faizi isə karbohidratlardan ibarət olur. Bədən karbohidrat azlığı səbəbindən yağları parçalayaraq keton maddələri yaradır və onları enerji mənbəyi kimi istifadə edir. Bu proses ketoz adlanır.

Mütəxəssislərin fikrincə, ketogenik pəhriz sürətli çəki itkisində, qan şəkərinin sabit qalmasında, insulinin tənzimlənməsində, beyin fəaliyyətinin dəstəklənməsində, epilepsiya xəstələrində tutmaların azalmasında rol oynaya bilər.

Həkimlər xəbərdarlıq edir ki, uzun müddət keto pəhrizi saxlayan insanlarda qəbizlik, vitamin və mineral çatışmazlığı, qaraciyər və böyrək problemləri yarana bilər.

Pəhrizə yeni başlayanlarda isə tez-tez “keto qripi”adlanan halsızlıq, baş ağrısı və yorğunluq müşahidə olunur.

Mütəxəssislər bildirir ki, bu pəhriz hamilə qadınlara, süd verən analara, qaraciyər və böyrək xəstəlikləri olanlara qətiyyən məsləhət görülmür.