Qış mövsümündə əyləncəli istirahət növü kimi seçilən tübinq sürmə, eyni zamanda ən təhlükəli məşğuliyyətlərdən biri hesab olunur. Bu cür şişmə xizək vasitələri ilə sürüşmə zamanı nə sürəti azaltmaq, nə də istiqaməti idarə etmək mümkün olur ki, bu da ciddi risk yaradır. Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, travmatoloq Dmitri Yefremovun sözlərinə görə, məhz nəzarətin olmaması tübinqi xüsusilə təhlükəli edir.

Mütəxəssis bildirib ki, son illər tübinqlərin populyarlığı kəskin şəkildə artıb. Onların qiymətinin əlçatan olması bir çox insanı bu əyləncəyə cəlb edir. Lakin buna baxmayaraq, tübinq üçün nəzərdə tutulmuş xüsusi və təhlükəsiz yamacların sayı kifayət qədər deyil.

Bu səbəbdən insanlar çox vaxt təsadüfi, nəzarətsiz ərazilərdə sürüşürlər. Belə yamaclarda ağaclar, dirəklər və digər maneələrlə toqquşma riski yüksək olur. Nəticədə isə ağır xəsarətlərin alınması qaçılmaz hala çevrilir.

Travmatoloqun sözlərinə görə, tübinq həvəskarları arasında ən çox rast gəlinən xəsarət baş-beyin travmalarıdır. Bu xəsarətlər yüngül sarsıntıdan tutmuş, daha ağır və təhlükəli zədələnmələrə qədər dəyişə bilər. Əl və ayaq xəsarətləri isə nisbətən daha az müşahidə olunur.

Həkim vurğulayıb ki, xəsarətlərdən qorunmağın ən etibarlı yolu tübinqdən tamamilə imtina etməkdir. Lakin yenə də sürüşmək istəyənlər yalnız xüsusi təchiz olunmuş, təhlükəsizlik qaydalarına cavab verən traslardan istifadə etməlidirlər. Bu halda risklər nisbətən azaldıla bilər.