Ukraynada karantində olan vətəndaşlara ərzaq gətirilməsi qadağan edilib. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib. “Biz kəskin respirator virus infeksiyası üzərində müşahidə aparırıq, diareya xəstəlikləri ilə əlaqədar növbəti araşdırma aparılmasını istəmirik”, - deyə nazir müavini Viktor Lyaşko qeyd edib. Lyaşko hazırda sanatoriyanın ərazisində qida blokunun fəaliyyət göstərdiyini, karantində olanlar üçün yeməyin həmin yerdə hazırlandığını vurğulayıb. O eyni zamanda, müşahidə üçün antiseptik maddələrin, yalnız şəxsi gigiyena və sənaye məhsullarının gətirilməsinə icazə verildiyini deyib. Qeyd edək ki, fevralın 20-də Çindən təxliyyə olunmuş Ukrayna vətəndaşları avtobusla vətənlərinə qayıdıblar. Yerli sakinlər buna etiraz edərək yolları bağlayıb, polislə qarşıdurma yaranıb və ölkə Prezidenti Vladimir Zelenski vətəndaşları bu davranışlarına görə qınayıb.