
Sinə nahiyəsində yaranan ağrı insanlarda tez-tez narahatlıq doğurur. Foodinfo.az bildirir ki, bu ağrıların səbəbi bəzən ürəklə, bəzən isə sinir və əzələ sistemi ilə bağlı ola bilər. Ona görə də fərqləndirmə vacibdir.
Ürək ağrısı adətən qəfil başlayır və sinənin ortasında sıxılma, təzyiq və yanma hissi ilə özünü göstərir. Bu ağrı sol qola, çiyinə, çənəyə və hətta kürəyə yayılır. Bəzən nəfəs darlığı, soyuq tərləmə və başgicəllənmə də müşahidə olunur. Ürək ağrısı qısa müddətli istirahətlə tam keçmir və ciddi risk daşıya bilər.
Sinir və əzələ ağrıları isə daha çox bədənin hərəkəti ilə əlaqəli olur. Məsələn, bədənin istiqamətini dəyişmək, dərin nəfəs almaq və ya əzələyə təzyiq göstərmək ağrını artırır. Bu tip ağrı lokal xarakter daşıyır, daha dəqiq bir nöqtədə hiss olunur və istirahətlə adətən azalır.
Mütəxəssislər vurğulayır ki, ürək mənşəli ağrılar çox vaxt fiziki gərginlikdən sonra artır və nitroqliserin kimi dərmanlarla nisbətən yüngülləşə bilər. Sinir və əzələ ağrıları isə dərman qəbulundan çox istirahət və sadə hərəkət korreksiyası ilə aradan qalxır.
Əgər ağrı güclü, davamlı və başqa simptomlarla müşayiət olunursa, dərhal təcili tibbi yardım çağırmaq vacibdir. Özbaşına müalicə etməyə çalışmaq həyati təhlükə yarada bilər.