Cons Hopkins Universitetinin alimləri xərçəng əleyhinə immun terapiyasını gücləndirən lipid hissəciklərin kəşfinə nail olublar.

AZƏRTAC xəbər verir ki, bununla bağlı aparılan tədqiqatın nəticələri “Nature Biomedical Engineering” jurnalında dərc olunub.

Mütəxəssislər xərçəng hüceyrələrinə qarşı T-köməkçi immun hüceyrələrinin aktivləşməsini maksimum dərəcədə artıra bilən lipid nanohissəciklərinin dəqiq tərkibini təyin etmək üçün skrininq metodundan istifadə ediblər. Bundan əvvəl, sözügedən lipid hissəciklərdən COVID-19 koronavirus infeksiyasına qarşı mübarizədə RNT peyvəndlərinin tərkib hissəsi kimi uğurla istifadə edildiyi bildirilib.

Melanomanın siçan modelinin istifadə edildiyi təcrübələrdən məlum olduğu kimi, nanohissəciklərin iki yeni növü həm birinci, həm də ikinci tip T-köməkçi hüceyrələrə (Th1 və Th2) onkoloji şiş antigenlərini (xərçəng hüceyrələrinin səthindəki zülallar) ötürərək, iki paralel immun cavab reaksiyasını aktivləşdirir. Th1 hüceyrənin immunitetini aktivləşdirir, Th2 isə anticismlərin istehsalını tənzimləyir və interleykin adlanan siqnal molekulları istehsal edir. Bu, potensial olaraq immunitetə nəzarət inhibitorları ilə terapiyanın təkmilləşdirilməsinə rəvac verə bilər.

İmmunoloji nəzarət nöqtələri immun reaksiyasının aktivləşdirilməsini tənzimləyən, avtoimmun proseslərin başlanmasına, yəni orqanizmin hüceyrələrinə hücumun qarşısını alan mexanizmlər sistemidir. Onların inhibitorları xərçənglə mübarizə aparmağa kömək edən potensial birləşmələrdir.