Sosial şəbəkələrdə kulinariya art-terapiyası adlanan yeni tendensiya məşhurlaşaraq mətbəxdə sakitləşdirici marafona çevrilib. 

 Foodinfo.az xəbər verir ki, mütəxəssislər yemək bişirməyin psixi sağlamlıq üçün faydalı olduğunu bildirirlər.

Edit Kouen Universitetinin (ECU) alimləri tərəfindən aparılan yeni araşdırma zamanı məlum olub ki, tərəvəzləri dilimləmək kimi təkrarlanan hərəkətlər, bulyonun qaynaması və mətbəxi dolduran qoxular - bunların hamısı sakitləşdirir və pozitivə kökləyir.

Təsadüfi deyil ki, evdə yemək hazırlamaq stress və depressiyaya qarşı ən yaxşı “müalicə” adlandırılır. Sevdiklərimizə yemək hazırlayarkən borcumuzu yerinə yetirdiyimizi hiss edirik. Üstəlik, mətbəxdə ən sadə işləri belə yerinə yetirmək özgüvəni artıra bilər.

Evdə yemək hazırlamaq yaradıcılığa oxşayır: biz hər bir inqrediyentin yeməkdə hansı rol oynadığını öyrənmək üçün təcrübələr apara bilərik.

Bir reseptə əməl etsəniz belə, yerkökü əvəzinə şirin kartof, mayonez yerinə xama kimi əvəzediciləri sınayın. Ən yaxşı aşpazlar deyirlər ki, reseptlər sadəcə təkliflərdir və onlara ciddi əməl etmək və ya özünüzdən nə isə əlavə etmək yalnız sizdən asılıdır.

Öz mətbəxinizdə yemək hazırlamaq bir neçə mərhələdə səbir tələb edir. Bu, optimal ləzzət üçün sarımsaq, soğan və zəncəfil doğramağa vaxt sərf etmək və ya ilk dişləyi almazdan öncə yeməyin soyumasını gözləmək deməkdir. Reseptdə göstərilən vaxta riayət etmək dözümlülük yaratmağa kömək edir və çox faydalıdır.

Yemək bişirməkdə daha bir müsbət cəhət bunu başqası ilə etdiyiniz zaman yaranır: bu, sizə sosiallaşmağa yardım edə və psixikanız üçün çox faydalı ola bilər.

Diyetoloqlar Assosiasiyasının nümayəndəsi Dr.Syuzan Murun sözlərinə görə, evdə yemək bişirən insanlar həmişə sağlam qidaya müsbət yanaşırlar.

Bu yaxınlarda alimlər bağırsaq sağlamlığı ilə psixi sağlamlıq arasında əlaqəni aşkar ediblər. Yemək bişirmək üçün təbii və faydalı inqrediyentlər seçsəniz, bədən daha çox serotonin istehsal edəcək. Özünüzü fiziki olaraq daha yaxşı və daha gümrah hiss edəcəksiniz.

Düzgün bəslənmə üçün sübut olunmuş, mərhələli reseptlər seçin və proses zamanı stresdən qurtularaq həvəslə bişirin.