Bitkilər bizim qəbul etdiyimiz qidaların 80 faizi və nəfəs aldığımız oksigenin 98 faizidir. Bu gün ətraf mühitin çirklənməsi və iqlim dəyişməsindən tutmuş zərərvericilərin yayılmasına qədər çoxsaylı amillər onlara təhlükə törədir.

Foodinfo.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) planetin florasının qorunub saxlanması və biomüxtəlifliyinin müdafiəsi üzrə tədbirlər haqqında məlumatlılığın səviyyəsinin yüksəldilməsi məqsədi daşıyan Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar dərc olunmuş məlumatında deyilir.

Bu il Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı beynəlxalq ictimaiyyətin diqqətini qlobal turizm və ticarətin geniş inkişafı nəticəsində bitkilər üçün təhlükəli orqanizmlərin yayılması kimi problemə cəlb edirlər. FAO-da qeyd edirlər ki, zərərvericilər biomüxtəlifliyin itkisinin əsas səbəblərindən biridir.

Təşkilatın ekspertləri dəniz konteynerləri və yüklərin təmizliyi sayəsində bitkilərin yoluxmasının azaldılması üzrə tədbirləri işləyib hazırlayırlar ki, bu da invaziv zərərvericilərin və bitki xəstəliklərinin yayılmasının azaldılmasına imkan verir.

Bundan başqa, FAO-da zərərli orqanizmlər üçün yeni məskunlaşma mühiti yaradan iqlim dəyişməsi və qlobal temperaturun yüksəlməsi barədə xatırladırlar. Mütəxəssislər vurğulayırlar ki, ətraf mühitin və insanların sağlamlığı üçün həlledici əhəmiyyət kəsb edən tozlandırıcılara, orqanizmlərə ziyan vuran bu zərərli orqanizmlərin sürətlə yayılması pestisidlərin daha geniş tətbiqi ilə nəticələnə bilər.

Bu səbəbdən iqlim dəyişməsi ilə bağlı mübarizə tədbirləri də bitkilərin müdafiəsi və planetin biomüxtəlifliyinin qorunub saxlanması üçün mühüm əhəmiyyət kəsb edir.